SÜJET
Qarabağda son günlər baş verən yanğın hadisəsinə görə insanlar da təşvişə düşür. Yerli sakinlər yanğın törətmirlər, çünki onlar dərk edirlər ki, bu torpaq onların evləridir. Ehtiyatsız davranan turistlərin Qarabağa səfərinin qarşısı alımalıdır.
Bunu Yurd.Media-ya Xocalıda fəaliyyət göstərən jurnalist Səriyyə Müslümqızı baş verən yanğınlarla bağlı deyib.
O təəssüflə qeyd edib ki, Qarabağda son günlərdə tez-tez yanğınlar baş verir:
"Bir neçə gün öncə Xocalının Qaladərəsi kəndində turist kimi gəzinti üçün gələn şəxs tərəfindən yanğın hadisəsi törədilib. Bu hadisələrin ehtiyatsızlıqdan baş verdiyi müşahidə edilir”.
Jurnalist bir daha qeyd edib ki, bu hadisələr yerli sakinlər tərəfindən törədilmir.
Daxili İşlər Nazirliyindən də Yurd.Media-ya verilən açıqlamada qeyd olunub ki, aparılan təhlillərin nəticəsində məlum olur ki, meşə massivlərində qeydə alınan yanğınların mütləq əksəriyyəti insan səhlənkarlığı ucbatından baş verir:
"Tam söndürülməmiş tütün məmulatının təbiətə atılması, yandırılan kol-kos, eləcə də odla ehtiyatsız davranış yanğınlara və yaşıllıqların məhvinə gətirib çıxara bilər".