Xəzər dənizi sürətlə quruyur. Araşdırmalara əsasən, 1960-cı illərdən bu yana Xəzər dənizinin su səviyyəsi təxminən 50 metr geri çəkilib.
Yurd.Media xəbər verir ki, bu proses nəticəsində Bakı bulvarının sahəsi də nəzərəçarpacaq dərəcədə genişlənib.
Mütəxəssislərin fikrincə, dünyanın ən böyük gölündə baş verən bu dəyişikliklərin bir neçə səbəbi var.
Enerji eksperti İlham Şaban "İctimai TV"yə bildirir ki, Xəzərin su ilə təminatının 80%-i Volqa çayının payına düşür:
"Volqa sularının azalması isə birbaşa dənizin səviyyəsinə təsir göstərir. Son 20 ildə bölgədə havanın orta temperaturu 1,5 dərəcədən çox artıb. Bu isə buxarlanmanı sürətləndirərək quruma prosesini gücləndirir. Eyni zamanda Xəzərin mərkəzi və cənub hissəsində duzluluq fərqi müşahidə olunur. Şimaldan daxil olan şirin suların buxarlanması daha intensiv gedir".
Ekoloq Rövşən Abbasov isə qeyd edir ki, Xəzərə Kür və Ural çaylarından daxil olan suyun miqdarı da azalıb. Buna həm iqlim dəyişikliyi, həm də həmin çaylarda su anbarlarının inşası və aşırı istifadə səbəb olur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Xəzərin sürətlə quruması yalnız ekosistem üçün deyil, həm də region ölkələrinin milyardlarla dollarlıq enerji, logistika və infrastruktur layihələri üçün ciddi risklər yaradır.