ABŞ-ın Forbes dərgisinin yaydığı məlumatlardan sonra X (Twitter) platformasına məxsus "Grok" süni intellekti ətrafında yaranan qalmaqal artıq 5–6 gündür dünya mediasının gündəmindən düşmür. Məlum olub ki, "Grok" vasitəsilə aparılan 370 mindən çox söhbət Google-un axtarış sistemində açıq şəkildə əlçatan olub.
Yurd.Media xəbər verir ki, həmin söhbətlərdə istifadəçilərin şifrələri, sağlamlıqla bağlı məlumatları, şəxsi münasibətləri, hətta narkotik və şiddət məzmunlu yazışmalar da üzə çıxıb. "Grok" rəhbərliyi paylaşımların anonimləşdirildiyini iddia etsə də, mütəxəssislər bu məlumatların çox vaxt kimliyi müəyyən etməyə kifayət etdiyini bildirirlər. Problemin səbəbi isə “Paylaş” funksiyası ilə yaradılan linklərin heç bir məhdudiyyət və qoruma olmadan açıq qalmasıdır.
Ən maraqlısı odur ki, bu 5 gün ərzində hələlik "Grok" və ya "xAI"dən rəsmi açıqlama olmayıb. "Google" isə məsuliyyəti “səhifəni yayımlayanların öhdəliyinə” buraxaraq, belə səhifələrin indekslənməməsinin nəşriyyatların öhdəsinə aid olduğunu qeyd edib.
Ekspertlər bildirir ki, insanların “Paylaş” düyməsini istifadə etməməsi, artıq yayımlanmış linkləri "Google"ın “köhnə məzmunu silmə” aləti ilə aradan qaldırması və X platformasında gizlilik ayarlarını gözdən keçirməsi tövsiyə olunur.