SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Vətən müharibəsinin sonuncu şəhidlərdən olan Fərid Ələkbərov

Vətən müharibəsinin sonuncu şəhidlərdən olan Fərid Ələkbərov

  • 08 noyabr 2025, 19:42
Şuşa

Vətən sevdalı zabit Fərid Ələkbərovun döyüş yolu 2020-ci il sentyabrın axırlarında Vətən müharibəsində başlayıb.

Yurd.Media xəbər verir ki, Murovdağda qarlı aşırımın keçilməz yüksəkliklərinin alınmasında fəal iştirak edən, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərən, Xankəndi-Şuşa yolundakı dolaylarda gedən qanlı döyüşdə düşmənlə üz-üzə savaşan Fərid həmin döyüşdə qəhrəmancasına şəhid olub.

Onun ən böyük amallarından, arzularından biri Xankəndiyə bayraq sancmaq idi. Az qalmışdı, lap az. Amma həyatına son qoyan düşmən gülləsi onu arzusuna çatmağa imkan vermədi.

O, Ermənistan silahlı qüvvələrinin sərhədboyu ərazilərdə törətdiyi ardıcıl təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayanda döyüşdə olduğunu heç kəsə deməmişdi.

Vətən müharibəsindən bir müddət əvvəl Gəncədə yaradılan könüllü dəstədə günlərlə təlim keçib, könüllülərə minaatanların döyüş qaydalarını öyrədib. Sonra Füzuli bölgəsinə gedərək təlimləri dağ-çöl şəraitində həyata keçirib.

Sentyabrın axırlarından başlayaraq 42 gün Murov silsiləsindəki yüksəkliklərin, Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda düşmənə qarşı qəhrəmancasına döyüşüb. Noyabrın 7-də sonuncu dəfə anası ilə danışıb: “Şuşa azad edilib, ana! Tez-tez zəng edə bilməyəcəyəm. Telefonla əlaqə saxlamaq imkanı olmaya bilər. Dağlıq ərazidir, şəbəkə tutmaya bilər, sən narahat olma”.

Noyabrın 8-də ermənilər Şuşaya yenidən hücum etməyə cəhd göstəriblər. Fərid tabeliyində olan döyüşçülərlə onların təxribatının qarşısını alaraq ölümünü gözə alaraq döyüşüb. Düşmən minaatanlarla taboru aramsız atəşə tutduğundan Fərid ayağından qəlpə yarası alıb. O, kəmərlə ayağını sıxaraq döyüşə davam edib və bunu əsgərlərə bildirməyib. Onların mövqeyi təhlükəli olsa da, sona qədər döyüşüblər.

Vəziyyətin təhlükəli hal aldığını görən ermənilər Xankəndidə həyəcan siqnalı veriblər. Onlara köməyə gələn dəstə də geri oturdulub. Lakin Fərid ona tuşlanan düşmən atəşindən yayına bilməyib və noyabrın 9-da şəhadətə yüksəlib.

Bəlkə də o, Vətən müharibəsinin son günündə dünyaya göz yumanlardan, sonuncu şəhidlərdən olub. Möhtəşəm Zəfərə, Qələbəyə bir neçə saat qalırdı…

Meyiti bir neçə gün düşmənin atəş nöqtələri altında qalıb, noyabrın 16-da II Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Anası Şükufə Hüseynova ürəkağrısı ilə danışıb: “Fərid yaxşı ailə başçısı, ata idi. Evdə olanda səhər yeməyində süfrəni özü hazırlamağı sevərdi. Qabların eyni olmasına, süfrədə düzülüşünə, təmizliyinə xüsusi fikir verirdi. Hər şeyə yanaşmada onda bir zabit səliqəsi var idi. Fərid həmişə mənimlə görüşməyə mülki paltarda gələrdi. Amma Vətən müharibəsi ərəfəsi görüşməyə gələndə hərbçi paltarında idi. Dedim, niyə belə geyinmisən? “Təlimə gedəcəyəm”,- dedi. Sonradan bildim ki, bizi həyəcanlandırmamaq üçün belə söyləyib. Beş ildir ki, onun ətrini nəvəm Tahirdən alıram. Nə qədər canım var, yaşayıram, onun yadigarı, 8 yaşlı Tahirin böyüyüb təhsil alması üçün çalışacağam”.

Prime Leasing
SPE Annual Caspian