Gəncə şəhər sakini yaxın qohumları tərəfindən iş qurmaq adı ilə aldadıldığını və ümumilikdə 105 min manat pulunun mənimsənildiyini iddia edir.
Yurd.Media-ya müraciət edən Ülfət Qaraşovun sözlərinə görə, 2025-ci ilin yanvar ayında xalası oğlanları — Məmmədov Səxavət və Məmmədov İbadət Qarabağda mal-qara alqı-satqısı ilə bağlı biznes quracaqlarını və bunun üçün ona məxsus vəsaitdən istifadə edəcəklərini bildiriblər.
“200 min manatlıq mal-qaranı 100 min manata alırıq” deyiblər
Şikayətçinin sözlərinə görə, qohumları ona Qarabağda bazar dəyəri 200 min manat olan mal-qaranı 100 min manata almaq imkanlarının yarandığını deyiblər. Bildirilib ki, onlara veriləcək pul iki ay ərzində geri qaytarılacaq, əlavə olaraq isə əldə olunacaq gəlirdən ona ildə 36 min manat qazanc ödəniləcək.
Bu vədlərə və qohumluq münasibətlərinə güvənən şəxs ümumilikdə 105 min manat pul verdiyini bildirir.
Ü.Qaraşovun sözlərinə görə, həmin məbləğin müəyyən hissəsi sonradan müxtəlif vaxtlarda geri qaytarılıb. Hazırda isə 32 min manat əsas borcun qaldığını deyir.
Şikayətçi əlavə olaraq bildirir ki, qohumlarının əvvəlcədən vəd etdiyi 36 min manat qazancı artıq tələb etmir. Onun əsas tələbi öz vəsaiti olan 32 min manatın geri qaytarılmasıdır.
Bundan başqa, şikayətçi Beynəlxalq Bankdan illik 18 faizlə kredit götürərək qohumlarına verdiyi 15 min manat vəsaitə görə yaranmış faiz öhdəliyinin də qarşılanmasını tələb edir.
Məmmədov Səxavət (solda) və Məmmədov İbadət“Mənə vurulmuş ziyan bu günədək ödənilməyib”
Şikayətçi bildirir ki, hüquqlarının bərpası və ona dəymiş maddi ziyanın ödənilməsi məqsədilə uzun müddətdir müxtəlif dövlət qurumlarına müraciətlər edir.
Onun sözlərinə görə, buna baxmayaraq, bu günədək məsələ həllini tapmayıb və 32 min manat əsas borc geri qaytarılmayıb.
Müraciət edən şəxs həmçinin iddia edir ki, Səxavət Məmmədov və İbadət Məmmədov barədə başqa şəxslər tərəfindən də şikayətlər mövcuddur. Onun sözlərinə görə, həmin şəxslərin digər vətəndaşlardan və banklardan müxtəlif məbləğlərdə vəsait aldıqları, iş qurmaq və gəlir əldə etmək vədi ilə pul topladıqları barədə məlumatlar əldə edib.
Qeyd edək ki, zərərçəkənin xalası oğlu Səxavət Məmmədov vaxtilə Goranboy rayon Təhsil Şöbəsinin rəisi olub, 2020-ci ildə vəzifədən azad edilib, digər xalası oğlu İbadət Məmmədov isə Dövlət Sosial Müdafiə Fondunda rəhbər vəzifələrdə çalışıb.