SÜJET
Sosial media son illərdə təkcə ünsiyyət vasitəsi deyil, cəmiyyətin düşüncə tərzinə, informasiya axınına və hətta hüquqi davranışlarına təsir edən güclü bir platformaya çevrilib. Lakin, bu güc bəzən fayda, bəzən isə ciddi təhlükələr doğurur.
Yurd Media xəbər verir ki, əməkdar jurnalist Vüqar Zifəroğlu"İctimai TV"-ə bildirib ki, sosial medianın ilkin fəlsəfəsi zamanla tamamilə dəyişib:
"Facebook"-un yaranış məqsədi tələbələr arasında ünsiyyəti asanlaşdırmaq, ortaq maraqları bölüşmək idi. Lakin zaman keçdikcə sosial media ilkin məqsədindən uzaqlaşdı və müxtəlif güclərin təsiri altında manipulyasiya və informasiya savaşı alətinə çevrildi. Bu səbəbdən sosial medianın cəmiyyətə təsiri artıq təkcə fərdi deyil, ictimai ölçü daşıyır".
Vüqar Zifəroğlunun sözlərinə görə, bu gün sosial medianın təhsil, siyasət, mədəniyyət və gündəlik həyat üzərindəki rolu danılmazdır. Məhz bu səbəbdən istifadəçilər bu platformalarda davranışlarına xüsusi diqqət yetirməlidir:
"Sosial media da ictimai məkandır. Küçədə necə etik davranış gözlənilirsə, sosial şəbəkələrdə də eyni cür məsuliyyətli davranış tələb olunur".
Hüquqşünas Sadiq Rəsulov isə qeyd edir ki, sosial mediada yayılan təhqir və böhtan xarakterli məlumatlar qanunla tənzimlənir. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini alçaldan, yalan məlumatlar yayan şəxslər məsuliyyətə cəlb oluna bilər.
"Bu kimi hallarda cərimə, islah işləri və hətta azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub. Sosial medianın azadlıq sahəsi olması onun hüquqi məsuliyyətlərdən kənar olduğu anlamına gəlmir".
Nəticə etibarilə, sosial bu media doğru şəkildə istifadə olunarsa, cəmiyyətə fayda verə bilər. Əks halda isə, hüquqi, etik və sosial problemlər qaçılmaz olur.