SÜJET
Şamaxıda keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransının iştirakçıları Şamaxı Cümə və İmamzadə məscidlərini və Pirsaat Baba ziyarətgah-məscid kompleksini ziyarət ediblər.
Yurd.Media xəbər verir ki, ilk ziyarət edilən Cümə məscidinin axundu Mərəhmət Mustafayev bildirib ki, Şamaxı şəhər Cümə məscidi Qafqazın ən qədim yaşı olan ikinci məscididir:
"1300 il bundan əvvəl məscidin var olması, qoruması yerli əhalinin əməyidir. 1918-ci il Azərbaycanlıların soyqırımı zamanı məsciddə 1500-2000 insan diri-diri yandırılıb. Cümə məscidinin divarları bu faciənin şahididir".
Məsciddə diqqət çəkən məqamlardan biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Hər məsciddə bir kitabxana" layihəsi çərçivəsində Şamaxı Cümə məscidində də kiçik kitabxana təşkil etməsi oldu. Burada təkcə dini ədəbiyyat deyil, Azərbaycan və dünya ədəbiyyatından elmi-bədii əsərlər də mövcuddur.
Sonra media təmsilçiləri Şamaxı İmamzadə məscidini ziyarət edib. Məscidin imamı Hacı Elşən Rüstəmov jurnalistlərin diqqətinə çatdırıb ki, məscid 1370-ci ildə tikilib:
"Burada 50 il bundan əvvəl arxeoloji qazıntılar aparılıb. Arxiv sənədlərində bütün məlumatlar yer alıb. 1918-ci il qırğınları zamanı məsciddə yandırılan insanların qalıqları burada dəfn edilib. Onlar üçün Azərbaycan Xalq Cümhuriyyəti dövründə məzar daşı da qoyulub. Hazırda məscid bərpa edilir".
Sonda konfrans iştirakçıları Şamaxı rayonunda yerləşən Pirsaat Baba ziyarətgah-məscid kompleksində olublar.
QMİ-nin Şirvan bölgəsi üzrə qazısı Hacı Mərəhmət Mustafayev bildirib ki, kompleks Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub və yeni məscid binası inşa edilib.
2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanılmışdı. Məsciddə qadınlar və kişilər üçün ibadət və mərasim zalları inşa olunub.