SÜJET
Şamaxıda keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans çərçivəsində “Din-media münasibətləri: yeni hədəf və çağırışlar” adlı panel sessiya keçirilib.
Yurd.Media xəbər verir ki, panel sessiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə baş tutub.
Gündüz İsmayılov sessiyaya qısa giriş verərək, diqqətə çatdırıb ki, Azərbaycan mətbuatı XIX əsrin sonu, XX əsrin əvvəllərində daha çox dini maarifləndirmə həyata keçirirdi:
"Sovet dövründə isə mətbuata dinin tənqid ilə məşğul oldu. Müstəqillik dövründə isə mətbuatda dinin təbliği ilə bağlı məqamlar üstünlük təşkil edirdi. Biz bu gün müasir dövrün əvvəlki dövrlərlə müqayisəsinə çalışacağıq".
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov isə xatırladıb ki, bu gün biz Azərbaycan salnaməsinin şərəfli, məsuliyyətli dönəmində yaşayırıq:
"Bizim bayrağımız indi Azərbaycanın hər yerində qürurla dalğalanır. Biz buna görə şəhidlərimizə, qazilərə, ordumuza, və əlbəttə ki, Azərbaycan tarixi taleyinə bir lütf kimi yazılmış Müzəffər Dövlət Rəhbərinə həm sonsuz minnətdarıq, həm də borcluyuq.
Bayrağımızın hər rəngi bizim tarixi, çağdaş və gələcək niyyətlərimizin simvoludur. Onun biri də İslamdır. İslam isə Adəmdən bu günə və gələcəyə aparan ən doğru istiqamətdir".
"Milli.az" saytının baş redaktoru Elçin Alıoğlu diqqətə çatdırıb ki, sosial şəbəkələrin Azərbaycan seqmentində 2005-ci ildən indiyə qədər dini mövzularda mənfi təbliğata həsr edilmiş 62 min 400 xəbər yayılıb.
Sayt rəhbəri Vətən müharibəsi dövründə din xadimlərinin müstəsna fəaliyyəti haqqında da fikirlərini bölüşüb. E.Alıoğlu onların bu dövrdə atdığı addımları yüksək qiymətləndirib.
"Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev çıxışı zamanı təklif edib ki, dini sahədən yazan media nümayəndələrinə treninqlər keçirilsin. O qeyd edib ki, həmin treninqlərdə müxtəlif dini cərəyanların nümayəndələri iştirak edə bilərlər:
"Həmçinin, televiziyalarda dini verilişlərin yer almasına ehtiyac var. Düzdür, bu cür verilişlər mövcuddur. Amma Quranı-kərimin fəlsəfi izahı ilə əlaqədar verilişlərin sayı artırıla bilər. Komitənin layihəsi olan "Amin" verilişinin nümunəsində verilişlərin olması daha əhəmiyyətlidir".
Panel sessiyada çıxış edən şair-yazıçı Şəhriyar del-Gerani Azərbaycan məscidlərində müxtəlif mövzularda kitablarla zəngin kitabxanaların formalaşdırılmasını təklif edib. Komitənin sədr müavini Gündüz İsmayılov isə ona cavabında ilin sonuna qədər 250-ə yaxın məsciddə bu cür kitabxanaların mövcud olacağını diqqətə çatdırıb.
Panel sessiya müzakirələrlə davam edib.