Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının təsdiqlədiyi "Ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflər"ə əsasən, bundan sonra Azərbaycanda qeyri-coğrafi mobil nömrə resursları ancaq illik ayrılacaq.
Yurd.Media xəbər verir ki, söhbət 2 rəqəmli koddan sonra gələn 1 milyonluq nömrə resurslarından gedir.
Tarif (Qiymət) Şurasının 2006-cı ildə qəbul etdiyi qərara əsasən, indiyə qədər bu resurslar ya 10 min manat ödəməklə birdəfəlik ayrılırdı, ya da nömrənin hər biri üçün 0,4 qəpik ödəməklə illik ayrılırdı.
Bir qədər əvvəl tariflərlə bağlı səlahiyyətlər Şuradan alınaraq Nazirliyə verilib. Nazirlik isə nömrə resurslarının birdəfəlik deyil, illik ayrılmasına qərar verib və tarifi 2 dəfə artıraraq 0,8 qəpiyə çatdırıb.