Azərbaycanda əmək bazarında əmək müqaviləsi və əmək hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılmasına baxmayaraq, onun praktiki tətbiqində hələ də ciddi boşluqlar mövcuddur. Xüsusilə kiçik dövlət və özəl müəssisələrində bu boşluqlar açıq şəkildə üzə çıxır.
Son vaxtlar sosial şəbəkədə bəzi dövlət müəssisələrində çalışan əməkdaşların şənbə, bazar və bayram günlərində növbəyə cəlb edilməsinə dair şikayətlər artmaqdadır. İşçilər bildirirlər ki, bu günlərdə gördükləri iş üçün nə əlavə əməkhaqqı alırlar, nə də əlavə istirahət günü verilir.
Hüquqşünas Ayxan Məmmədov Yurd.Media-ya bildirib ki, əməkhaqqı işçinin gördüyü işə, vəzifə öhdəliklərinə və iş vaxtına uyğun müəyyən edilməlidir:
"Əgər işçi qeyri-iş günlərində işləyirsə, bu, əmək funksiyasının davamıdır və onun qarşılığında mütləq ödəniş edilməlidir”.
Hüquqşünas vurğulayıb ki, əmək müqaviləsində işə cəlb edilmə şərtləri dəqiq göstərilməli, passiv əmək münasibəti aktiv hala çevrildikdə tam hüquqlar qüvvəyə minməlidir.
Əmək Məcəlləsi
101-ci maddə: Qeyri-iş günlərində iş yalnız xüsusi hallarda mümkündür—məsələn, fasiləsiz fəaliyyət, ictimai xidmət və s. Bu hallara aid olmayan müəssisələrdə işə cəlb etmək qadağandır.
109-cu maddə: Qeyri-iş günündə çalışanlara ikiqat əməkhaqqı ödənilməli və ya əvəzində istirahət günü verilməlidir.
Bu tələblərin pozulması əmək hüquqlarının ciddi şəkildə tapdalanması kimi qiymətləndirilməlidir.
Əgər işçi qeyri-iş günündə çalışıb, bunun qarşılığında ödəniş və ya əvəz-istirahət günü almırsa, o, aşağıdakı addımları ata bilər:
1. Yazılı müraciət: İş yerinin rəhbərliyinə iş şəraiti barədə yazılı müraciət ünvanlamaq.
2. Rəsmi şikayət: Əmək Müfəttişliyi Xidmətinə rəsmi şikayət göndərmək.
3. Məhkəməyə müraciət: Tələblər yerinə yetirilməzsə, işçi məhkəmə yolu ilə hüquqlarını tələb edə bilər.