İşğaldan azad olunmuş kəndlərdə müasir şəhərsalma yanaşması sakinlərin gündəlik ehtiyaclarının praktik, təhlükəsiz və effektiv şəkildə qarşılanmasına xidmət edir.
Yurd.Media xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində keçirilən “Şəhər Dəyər Zənciri Fəaliyyətdə: Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələrinin Təqdim Edilməsi” mövzusunda tədbirdəki çıxışında bildirib.
Onun sözlərinə görə, Ağalı, Məmmədbəyli və Horovlu kəndləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri prinsipləri əsasında yeni dizaynla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası üzrə yenidən qurulur, dayanıqlılığı təmin etmək üçün “Böyük Qayıdış” Proqramı bir çox məqsəd və fəaliyyətləri özündə birləşdirir:
“Bunlar evlərin tikintisi, ərazilərin inkişafı, avtomobil yolları, dəmir yolları və bütün zəruri infrastrukturun qurulması, eləcə də bölgədə investisiya imkanlarının yaradılmasıdır. Bizim məqsədimiz yalnız evləri bərpa etmək deyildi — həm də keçmiş məcburi köçkünlərin ləyaqətlə və uzunmüddətli etimadla geri qayıda biləcəyi təhlükəsiz, dayanıqlı və yaşana bilən icmalar yaratmaq idi".
Xüsusi nümayəndənin sözlərinə görə, görülən ilk iş isə 2022-2026-cı illər dövrünü əhatə edən Birinci Böyük Qayıdış Dövlət Proqramının icrası oldu:
"Bu proqram keçmiş məcburi köçkünlərin bu məskunlaşmasını, yenidən məskunlaşmasını mümkün qədər dayanıqlı etmək üçün kifayət qədər çox sayda fəaliyyətləri nəzərdə tutur. Beləliklə, əsas prioritetlərdən biri dayanıqlılıq idi. Dayanıqlılığın təmin olunduğundan əmin olmaq üçün Dövlət Proqramı xeyli sayda fəaliyyət və hədəflərə malikdir; bura evlərin tikintisi, ərazilərin inkişaf etdirilməsi, magistral yolların, dəmir yollarının və bütün lazımi infrastrukturun çəkilməsi, eləcə də regionda investisiya imkanlarının yaradılması daxildir".