SÜJET
Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi məsələsi müzakirə edilib.
Yurd.Media xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi məsələsi müzakirə edilib.
ADSEA-nın Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov məlumat verib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın məcarasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur:
"Çayın məcrası ərazidən 14 km məsafədə dəyişdiriləcək. İqlim dəyişikliyi ilə bağlı ərazidə hər hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün tədbirlər nəzərdə tutulub".
Həmçinin tədbirdə Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisinin xüsusi əhəmiyyətindən söz açılıb. Bildirilib ki, bu qovşaq Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt–Astara marşrutu üzrə də xüsusi iqtisadi əhəmiyyət kəsb edir.
Yeni qovşağın tikintisi turizmi, kənd təsərrüfatını və ümumilikdə ticarəti canlandıracaq, çünki liman və sərhəd bölgələrinə çıxışı daha əlçatan edəcək Belə ki, bu qovşaq nəinki yol hərəkətini daha təhlükəsiz və effektiv edəcək, eyni zamanda Ələt–Astara yoluna qoşulan logistika dəhlizlərinin funksionallığını artıracaq, iqtisadi təsirləri gücləndirəcək, bütün istiqamətlərə çıxış imkanlarını daha əlçatan edəcək.
Müzakirələr eskpertlərin təklifləri və jurnalistləron sualları ilə davam etdirilib.