SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Laçında Şəhər Günü: Sərgilər, tamaşalar və konsert keçiriləcək

Laçında Şəhər Günü: Sərgilər, tamaşalar və konsert keçiriləcək

  • 26 avqust 2026, 08:51
Laçın

Laçın şəhərində əlamətdar gün münasibətilə silsilə tədbirlər keçiriləcək. Şəhərin müxtəlif məkanlarında mədəni proqramlar, sərgilər və konsert təşkil olunacaq.

Yurd.Media xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 26 Avqust – Laçın Şəhəri Günü dördüncü dəfə təntənə ilə qeyd olunacaq.

Tədbirdə dövlət və hökumət nümayəndələri, doğma yurda qayıdan Laçın sakinləri, mədəniyyət xadimləri, eləcə də çoxsaylı qonaqlar iştirak edəcəklər.

Şəhər Günü münasibətilə Laçının müxtəlif məkanlarında rəsm sərgiləri, uşaqlar üçün tamaşa nümayişləri və digər mədəni proqramlar təşkil olunacaq.

Həmçinin Azərbaycanın tanınmış incəsənət ustalarının və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert keçiriləcək. Proqramda milli musiqimizin zəngin irsini və milli rəqs ənənələrini əks etdirən rəngarəng çıxışlar nümayiş etdiriləcək.

Xatırladaq ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.

Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri "X" sosial şəbəkəsində elan edib.

Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları