SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Kənddə kələ-kötür yollarda velosiped dərsləri: İstərdim ki, bu idman növü başqa bölgələrdə də inkişaf etsin - MÜSAHİBƏ

Kənddə kələ-kötür yollarda velosiped dərsləri: "İstərdim ki, bu idman növü başqa bölgələrdə də inkişaf etsin" - MÜSAHİBƏ

  • 28 iyul 2025, 16:49

Yəqin ki, son zamanlar şəhərdə artan velospied sürənləri görmüsünüz. Yeni zolaqların çəkilməsi, velosipedə marağın artırılması istiqamətində maarifləndirinci işlərin çoxalması bu nəqliyyat növünə həvəsi də artırıb.

Bir də kənd yerlərini təsəvvür edin, kələ-kötür yollar, velosiped sürmək üçün çətin relyeflər. Amma, buna baxmayaraq, bir kənd var ki, burada yeniyetmələr və gənclər arasında velosipedə, hətta dağ velosipedi idman növünə maraq olduqca artıb.

Bu gün həmin kənddən və orada velosipedə marağı artıran şəxsi sizə təqdim etmək istəyirik. Söhbət Qusarın Əniq kəndindən və Elsevər Xəlilovdan gedir. O Xəlilovdan ki, kənddə velosipedə, dağ velosipedi idman növünə marağın artmasında böyük əməyi var.

Kənddə uşaqlar, yeniyetmələrdə bu idman növünə marağı necə artırmasından, gələcək planlardan tutmuş, velosipedin faydalarına qədər hər şeydən söhbət etmişik. Həmin müsahibəni sizə təqdim edirik.  


- Velosiped idman növünə bizim ölkədə, əsasən də rayon və kənd yerlərində maraq tarix boyu elə də çox olmayıb. Nəzərə alsaq ki, siz də Qusarın balaca kəndlərindən birində doğulub, boya-başa çatmasınız, maraqlıdı hardan yarandı bu idmana maraq?

 Uşaqlıqdan mənim velosipedə, idmana, təbiətə çox həvəsim olub. Elə balaca yaşlarından hətta dağ üçün nəzərdə tutulmayan velosipedlərlə biz qalxırdıq dağlara. Özüm  hazırda Şahdağa yaxın yerləşən Əniq kəndindənəm. Biz uşaqlıqda velosiped sürəndə də biraz dik yerlərə əlimizlə qaldırırdıq velosipedləri və ordan aşağı velosiped sürürdük. Elə o vaxtlardan məndə dağ velosipedi idman növünə maraq yaranmışdı və zaman keçdikcə özümü bu istiqamətdə daha da inkişaf elətdirməyə başladım və hazırda bu idman növü üzrə müəllim və mütəxəssisəm. Çalışıram ki, Qusar rayonunda, kəndlərdə də bu idman növünə marağı artırım, gənclər, yeniyetmələr dağ velosipedi idman növünü sevsinlər. Bunun üçün əlimdən nə gəlirsə edirəm, etmişəm və edəcəm.    

- Neçə yaşınızdan dağ velosipedi idmanına marağınız yaranıb?      

Orta məktəb illərindən, 12-13 yaşımdan bu idman növünə marağım var. Hazırda 28 yaşım var. Və bu hobbim, bu həvəs artıq bir peşəyə çevrilib. Hazırda özümün sevdiyim işimlə məşğulam. Dünyada bundan gözəl şey yoxdur. Yəni, insan öz sevdiyi işlə məşğuldursa o dünyanın ən xoşbəxt insanlarındandır. Dörd il bundan əvvəl bu işdə dostum işləyirdi və o, məndə bu həvəsi, istəyi görürdü. Elə oldu ki, o öz işini dəyişməli olduğundan burdakı işini mənə təklif etdi, mən də sevə-sevə qəbul etdim. Təklif də tam mənim ürəyimcə oldu. Çünki, bu iş tək tur deyil, bu həm də sağlamlıqdır. Kim ki, təbiəti, sağlamlığı sevir, onlar mütləq bu idman növündən istifadə etməli, bununla məşğul olmalıdırlar.                    

-Kənd yerində, məsələn sizin kənddə bu idman növünə maraq necədi, varmı?    

Velosipedə maraq getdikcə çoxalır, demək olar ki, kənddə uşaqların hamısında velosiped var. Bu çox sevindirici bir haldır. Mən daim müşahidə aparıram, baxıram ki, hər gün velosipedə, dağ velosipedi idman növünə uşaqlar arasında maraq, həvəs çoxalır. Onlar məndən məsləhət, tövsiyyə alır. Bu məni çox sevindirir. Hiss edirəm ki, bu idman növünün gələcəyi var, inkişafı var.        

     

- Bəs kənddəki uşaqlar arasında bu idman növü ilə məşğul olanların artmasında sizin rolunuz nə qədərdir?

Belə deyim də, mən tur aparanda bizim kənd tərəfdən keçirik. Həmin vaxt küçələrdə olan uşaqlar bizim turumuz ordan keçən zaman görürlər, təbii ki, istər-istəməz bu onlarda xoş təəssürat, motivasiya yaratmış olur. Çox güman ki, bu amillər onların dağ velosipedi idmanı ilə məşğul olmalarına kifayət qədər müsbət təsir edir. Turu görən uşaqlarda dağ velosipedi idman növü ilə məşğul olmaları üçün həvəs yaranır.    

 -Hər bir idmançıda müəyyən məqsəd olur. Bəs sizin bu idman növündə ən ali məqsədiniz nədir?   

 Mənim ən ali məqsədim uşaqların vaxtını səmərəli keçirməsi, telefona çox aludə olmamaları, virtual həyata çox meyl etməmələri, pis vərdişlərdən uzaq olmalarıdır. Bu idman növü hazırda Qusar rayonunda var. Amma, istərdim ki, bu idman növü başqa bölgələrdə də inkişaf etsin. Bax elə bizim hazırda ən ümdə vəzifəmiz də budur.

Prime Leasing