“Huner Group” şirkətinin rəhbəri, eyni zamanda "Turan Tovuz" klubunun idarə heyətinin sədri Ehtiram Quliyev 15 min manat məbləğində cərimə olunub.
Yurd.Media xəbər verir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsi sonuncu iclasında qəbul edib.
Belə ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu - "Turan Tovuz" – "Zirə" qarşılaşması zamanı tovuzlu azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən qərb təmsilçisi 5000 manat məbləğində cərimələnib.
Bundan başqa, görüş bitdikdən sonra "Turan Tovuz" klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə onun komandası 15000 manat cərimələnib.
Həmin matçda "Zirə" komandasının 4 üzvü sarı vərəqə aldığı üçün paytaxt kollektivi 700 manat ziyana düşüb.
Qeyd edək ki, “Huner Group” MMC 2017-ci ildə Ehtiram Quliyev tərəfindən təsis edilib. Onun sahib olduğu şirkətlər qrupu bir sıra inşaat layihələrini həyata keçirir. Onun layihələrinə “Hünәr Park”, “Hünər Qüllələri”, “Hünər Şərq”, “Hünər Qərb”, “SumPak”ı aid etmək olar.