SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Heydər Əliyev siyasətində və Üzeyir Hacıbəyli yaradıcılığında milli müstəqillik ideyası - MƏQALƏ

Heydər Əliyev siyasətində və Üzeyir Hacıbəyli yaradıcılığında milli müstəqillik ideyası - MƏQALƏ

  • 12 dekabr 2025, 11:21

Azərbaycan tarixində milli varlığımızın əsas dayaqlarını formalaşdırmışdıran, müstəqillik ideyasını həm mədəniyyət sahəsində, həm də siyasətdə yaşadan böyük şəxsiyyətlər olmuslar. Onlardan biri - Üzeyir Hacıbəyli, digəri isə Heydər Əliyevdir və hər iki şəxsiyyəti birləşdirən ümumi məqam - milli müstəqillik ideyasına sarsılmaz sədaqət olmuşdur. Hər iki şəxsiyyət elə eyni ideyani da yaşatdılar - Azərbaycan ideyasını.

Vaxtı ilə Üzeyir bəyin dediyi – “Bəşəriyyət tarixində elə şəxslər vardır ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da xalqa mənfəət verirlər...” ifadəsini ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevə də aid etmək olar. Çünki, elmin bütün sahələrini əhatə edən dərin biliyi sayəsində dünya siyasətçiləri arasında da öndə gedən bir şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yorulmaz himayədarı olmuşdur. Azərbaycanda mədəniyyətin, ədəbiyyatın, ümumiyyətlə, sənətin yüksəlişində Heydər Əliyevin böyük rolu olmuşdur. Bu qayğı hakimiyyətə gəldiyi dövrdən, 1969-cu ildən hiss olunmuşdur. Qısa zaman ərzində dövlət teatrları, konsert salonları inşa edilmiş, Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Opera və Balet Teatrının binaları restovrasiya olunmuşdu.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Üzeyir bəy irsinə xüsusi qayğı göstərmiş, onun yubileylərini beynəlxalq səviyyəyə çıxararaq Azərbaycan mədəniyyətini dünyaya tanıtmışdır. Azərbaycan mədəniyyətindən danışarkən o, həmişə qeyd edərdi ki, “Üzeyir Hacıbəyov fitri istedadı ilə dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı layiqincə təmsil edən görkəmli şəxsiyyət olmuşdur. Buna görə də Üzeyir Hacıbəyovun yaşadığı hər bir gün, yaratdığı hər bir əsər, hər bir not vərəqi, Üzeyir bəyin ictimai-siyasi fəaliyyəti bizim üçün qiymətlidir, bizim üçün əhəmiyyətlidir. Çünki bunların hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişafına, Azərbaycan xalqının özünü tanıtmasına xidmət etmək deməkdir və bu xidmətlər əvəzsizdir. Ümumiyyətlə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir”.

Onu da qeyd edim ki, Azərbaycan peşəkar musiqisinin banisi dahi bəstəkar, publisist, dramaturq, ictimai xadim olan Üzeyir bəy Hacıbəylinin 1915-1942-ci illər ərzində yaşadığı mənzilin muzeyə çevrilməsi də məhz Azərbaycan Kommunist Partiyasının o vaxtkı I katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü nəticəsində 1975-ci il noyabrın 20-də bəstəkarın anım günləri ərəfəsində ziyarətçilərin üzünə açılmışdı. Xatırlatmaq istərdim ki, bu il noyabr ayında Üzeyir bəy irsini yaşadan, gələcək nəsillər üçün qoruyan bu ev-muzeyinin 50 illik yubileyi böyük təmtəraqla qeyd edildi...

Bundan başqa, Üzeyir bəyin anadan olduğu gün, yəni 18 sentyabr tarixinin də respublika səviyyəsində “Üzeyir Musiqi Günü” kimi qeyd edilməsi məhz Heydər Əliyevin 17 sentyabr 1995-ci il sərəncamı ilə bağlıdır. Bəli, Üzeyir Hacıbəyli Azərbaycan xalqının milli düşüncəsini musiqi dili ilə ifadə edən bir sənətkar idi. O, “Leyli və Məcnun” operası ilə təkcə Şərqdə ilk opera ənənəsini yaratmadı, həm də milli musiqimizi yeni zirvələrə yüksəltdi, səhnəyə gətirdi. Onun “Koroğlu” operasında qəhrəmanlıq, ədalət və xalqın azadlıq arzusu bədii dillə ifadə olunmuşdur. Üzeyir bəyin yaradıcılığı bir çağırış idi - “Oyan, xalqım, öz kimliyini tanı!”.

Üzeyir bəy Azərbaycan xalqının milli kimliyini musiqidə, dildə, düçüncədə ifadə edən bir dahi idi. O, XX əsrin əvvəllərində “Milli marş” yazaraq xalqın milli ruhunu musiqiyə çevirdi. Azərbaycan himninin müəllifi kimi müstəqillik ideyasını notlara yazdı, əsərlərində xalqın azadlıq arzusunu səsləndirdi. Və illər sonra, 1991-ci ildə müstəqiliyimiz bərpa ediləndən sonra Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdanda həmin marş xalqın müstəqillik arzularını reallığa çevirdi.

Heydər Əliyevin müstəqillik strategiyası və diplomatiyası Azərbaycanı beynəlxalq aləmdə tanıtdı, dövlətimizi gücləndirdi, suverenliyimizi möhkəmləndirdi. Əgər Üzeyir bəyin yaradıcılığı milli ruhun musiqi ilə ifadəsi idisə, Heydər Əliyevin siyasəti həmin ruhun dövlət idarəçiliyində parlaq təcəssümü oldu.

Heydər Əliyev müstəqilliyi təkcə siyasi reallıq kimi yox, mənəvi dəyər, mili ruhun təntənəsi kimi qəbul edirdi- “Bizim müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz olacaq!” deyirdi Ulu Öndər. Göründüyü kimi, Üzeyir Hacıbəyli xalqı musiqi ilə birləşdirdi, Heydər Əliyev isə xalqı dövlətçilik ideyası ilə birləşdirdi...

Beləcə, Üzeyir Hacıbəyli musiqi ilə xalqı oyatdı, Heydər Əliyev isə siyasətlə o xalqı müstəqil dövlətə çevirdi. Onların hər ikisi sübut etdi ki, xalqın ruhu oyaq olduqda, onun dövlətini heç bir güc sarsıda bilməz...

Demək, Heydər Əliyev və Üzeyir Hacıbəyli – biri siyasətdə, biri musiqidə eyni ideyanı yaşatdılar - müstəqil Azərbaycan ideyasını. Onların hər ikisi milli düşüncənin, mili şüurun və milli gələcəyin simvollarıdır. Odur ki, biz bu gün müstəqil dövlətimizin yalnız siyasi sütunlarını deyil, həm də mədəni sütunlarını xatırlamalı, qoruyub gələcək nəsillərə ötürməliyik. Çünki, müstəqillik yalnız sərhədlərlə deyil, həm də milli ruhla möhkəmlənir. Bu ruhu Üzeyir bəy musiqiyə, Heydər Əliyev isə dövlət siyasətinə çevirmişdir.  

HƏSƏNOVA TƏRANƏ,

Üzeyir Hacıbəylinin ev - muzeyinin kiçik elmi işçisi

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları