Pandemiyadan sonra bərpa olunan Gürcüstan qatarlarında vətəndaş məmnuniyyətinin təmin olunması üçün tapşırıq verilib.
Dövlət Sərhəd Xidmətindən (DSX) Yurd.Media-ya bildirilib ki, Azərbaycan-Gürcüstan qatarlarında sərhəd-gömrük prosedurlarının sürətləndirilməsi tapşırığı verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, DSX, Dövlət Gömrük Komitəsi və "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərləri dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan-Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması barədə məlumatlandırılıblar.
Həmçinin təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmiryolu stansiyalarına da baxış keçirilib.
Səfər çərçivəsində qeyd olunan stansiyalarda mövcud infrastruktur, sərhəd və gömrük nəzarətinin təşkili vəziyyəti, sərnişin və yük daşımalarının operativ və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün yaradılmış şərait, eləcə də xidmətin təşkili ilə bağlı mövcud mexanizmlər yerində yoxlanılıb.
Baxış zamanı sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi, rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin nəqliyyat təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilib, aidiyyəti üzrə qarşıda duran vəzifələr müəyyən edilib.
Qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizləri üzrə təhlükəsiz və fasiləsiz daşımaların həyata keçirilməsi, eləcə də vətəndaş məmnuniyyətinin artırılması məqsədilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyət bundan sonra da davam etdiriləcək.