SÜJET
Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest” bu il də Şamaxıda başlayıb.
Yurd.Media xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən festival Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Festivalın əsas məqsədi dövlət gənclər siyasətinin təşviqi, gənclərin şəxsi və peşəkar inkişafına, şəbəkələşməsinə dəstək, asudə vaxtın səmərəli və əyləncəli təşkili, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi olub.
Festivalın açılış mərasimində Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev bildirib ki, Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması gənclərimizin dövlətçilik prinsiplərinə daha dərindən yiyələnməsi, hüquqi biliklərinin möhkəmləndirilməsi və vətəndaş məsuliyyətinin formalaşması baxımından əhəmiyyətli imkanlar yaradacaq.
Qeyd edək ki, 7 iyul-29 avqust tarixlərini əhatə edəcək festival müddətində “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib diplomatiya” adlı 8 ardıcıl düşərgənin həyata keçirilməsi nəzərdə tutulub.
Festivalda ümumilikdə 2000-dən çox gənc iştirak edəcək.