Bakıda yeni tikili mənzillərin sayı artdıqca vətəndaşlar əldə etdikləri faktiki sahənin sənəddə göstəriləndən daha az olduğunun şahidi olurlar.
Yurd.Media xəbər verir ki, əsas narazılıq mənzillərin sahəsi hesablanarkən bəzi tikinti şirkətlərinin əlavə sahələri də ümumi kvadratmetrə daxil etməsi ilə bağlıdır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə bildirib ki, mənzillərin sahəsinin hesablanması qaydaları Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində ətraflı şəkildə müəyyən olunub.
Ekspertin sözlərinə görə, bəzi tikinti şirkətləri normativ tələbləri pozaraq mənzilin sahəsini çöl divarından hesablamaqla onu olduğundan artıq göstərirlər. Bu isə vətəndaşların maddi zərərə düşməsinə səbəb olur.
Ramil Osmanlı hesab edir ki, bu kimi halların qarşısının alınması üçün tikinti sektorunda nəzarət mexanizmləri daha da gücləndirilməlidir. Vətəndaşlara isə mənzil alarkən müqavilədə göstərilən sahəni texniki sənədlərlə müqayisə etmək, zərurət yaranarsa, məsələni hüquqi qaydada mübahisələndirmək tövsiyə olunur.