Gəncənin tarixinə və mədəniyyətinə aid abidələrin qorunmasının elmi təminatı, onların qeydiyyatının, muzeylərdə olan eksponat və fondların dəqiqləşdirilməsinin vacibliyi müzakirə olunub.
Yurd.Media xəbər verir ki, bunumla bağlı Gəncə Regional İdarəsinin təşkilatçılığı ilə “Tarix və mədəniyyət abidələrinin qorunması” mövzusunda dəyirmi masada təşkil edilib.
Dəyirmi masada çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev bildirib ki, müzakirə olunacaq mövzular elmi və işgüzar əhəmiyyət kəsb etdiyindən bu tədbir tədqiqatçılar, eləcə də müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər üçün faydalı olacaq. AMEA Gəncə Bölməsinin sədri, həmçinin şəhərin tarixinə və mədəniyyətinə aid abidələrin qorunmasının elmi təminatı, onların qeydiyyatının, muzeylərdə olan eksponat və fondların dəqiqləşdirilməsinin vacibliyi barədə danışıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov çıxışında bu şəhərin mədəni irsinin qorunmasının vəziyyəti barədə məlumat verib. O, tarix və mədəniyyət abidələrinin qorunması və bərpasının dövlət siyasətinin tərkib hissəsi olduğuna diqqət çəkib, tədbirdə aidiyyəti dövlət qurumlarının təmsilçilərinin iştirakının bu sahədəki aktual məsələlərin həllinə kömək edəcəyinə ümidvar olduğunu deyib.
Tədbirdə “Nizami Gəncəvinin məqbərəsinin qorunması və irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin xidmətləri”, “Bəşər sivilizasiyasının Qarabağda erməni vandalizminə məruz qalmış tarix və mədəniyyət abidələri”, “Tarix və mədəniyyət abidələrinin qorunmasının konstitusion təminatları”, “Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin fəaliyyəti” və digər mövzular ətrafında məruzələr dinlənilib. Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.