Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə 18 Mart – Çanaqqala Zəfərinin 111-ci, Türkiyənin İstiqlal Marşının qəbul edilməsinin isə 105-ci ildönümü münasibətilə tədbir keçirilib.
Yurd.Media xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, DQİDK-nin Gəncə-Daşkəsən Regional Bölməsinin müdiri Həsən Məmmədov, həmçinin Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə rəsmilər Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər güllər düzüblər.
Türkiyənin Gəncədəki Baş Konsulluğunda davam edən tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Çanaqqala şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.
Anım mərasimində çıxış edən Recep Öztop Vətən uğrunda canından keçmiş türk və Azərbaycan şəhidlərini yad edərək qazanılan zəfərlərin əbədi olmasını arzulayıb. O bildirib ki, Çanaqqala zəfəri məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bir ölkənin qazandığı şanlı qələbədir və türk millətinin gücünü, sarsılmaz iradəsini nümayiş etdirir. Baş konsul, həmçinin Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinə toxunaraq vurğulayıb ki, Türkiyə dövləti daim Azərbaycanın yanındadır və hər sahədə dəstək göstərməyə hazırdır. O, Çanaqqala Zəfərindən ilhamlanaraq İstiqlal Marşını qələmə alan dahi şair Mehmet Akif Ərsoyu da hörmətlə anıb.
Niyazi Bayramov çıxışında qeyd edib ki, Çanaqqala Zəfəri Türkiyə xalqının azadlıq və müstəqillik uğrunda apardığı misilsiz mübarizənin rəmzidir. Bu zəfər eyni zamanda Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan qardaşlıq və həmrəyliyin dərin köklərə malik olduğunu bir daha sübut edir. O vurğulayıb ki, Çanaqqala yalnız bir döyüş deyil, bütöv bir millətin iradəsinin, vətən sevgisinin və qəhrəmanlığının təcəssümüdür. “Çanaqqala keçilməz” ifadəsi ilə tarixə həkk olunan bu zəfər gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi kimi miras qalıb.
Sonda Mehmet Akif Ərsoyun həyatından bəhs edən sənədli film, eləcə də Çanaqqala döyüşü və şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.