Yeni FLIRT tipli qatarlar alındıqdan sonra Bakı-Ağstafa-Bakı istiqamətində əvvəllər gündə 2 dəfə həyata keçirilən reyslər 4 dəfəyədək artırılıb.
Bu barədə Yurd.Media-ya “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.
Qeyd olunub ki, 2023-cü ilin dekabrında yeni FLIRT tipli müasir qatarların bir hissəsi hazırlanaraq Azərbaycana təhvil verilib. Həmin qatarların istifadəsinə 2024-cü ilin iyununda başlanılıb. Bu qatarlardan əsasən, Bakı-Ağstafa-Bakı istiqamətində sərnişin daşımada istifadə olunur.
"Qatarlar yeni olduğu üçün hansısa biri sıradan çıxmayıb, lakin hər biri texniki-baxışdan keçirilir", - məlumatda deyilir.
ADY-dən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması nəzərdə tutulur.
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.