Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib.
Yurd.Media həmin müraciəti təqdim edir:
"Ötən gün axşam saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Yasamal rayonu, Tbilisi prospektində bir neçə nasaz yük avtomobilinin yollarda qalması metronun "20 Yanvar", "Koroğlu" stansiyaları və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Yüklə dolu belə avtomobillərin yollardan kənarlaşdırılması vaxt aldığından digər nəqliyyat vasitələri dəqiqələrlə sıxlıqda qalmalı olurlar. Xüsusilə də bəzi yük avtomobillərinin sürücüləri belə vəziyyətdə təhlükəsizlik qaydalarına əməl etmədiklərindən qəza riski yaranır.
NİİM yük avtomobillərinin sürücülərinə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalıdır. Avtomobil yolun hərəkəti hissəsində texniki nasazlıq səbəbindən məcburi dayandıqda isə təhlükəsizlik təmin edilməli, qəza dayanma nişanı qoyulmalı və işıq siqnalı yandırılmalıdır".