SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Əcəmi irsində müqəddəs həndəsə, “İlanlı Dağ”ın yaradılış mərkəzinə uzanan xətti - ARAŞDIRMA

Əcəmi irsində müqəddəs həndəsə, “İlanlı Dağ”ın yaradılış mərkəzinə uzanan xətti - ARAŞDIRMA

  • 25 iyul 2025, 08:39
Naxçıvan

Toponimik tədqiqatlar bir yer adının yalnız fonetik quruluşunu deyil, həm də onun daşıdığı dərin mədəni, metafizik və simvolik qatları üzə çıxarır. Bu baxımdan “Naxçıvan” toponimi də yalnız tarixi-coğrafi işarələmə funksiyası daşımır, eyni zamanda çoxqatlı mifoloji və arxetipik kodlara malikdir. İngilis şərqşünası Edvard Murun (Edward Moor) “Oriental Fragments” (s. 363) əsərində “Nagchivan” adını “Nag” (mifoloji ilan) və “van” (dayaq, vasitə, istirahət yeri) komponentlərinə ayıraraq təqdim etməsi bu toponimin sanskrit və ümumşərq kontekstində simvolik təhlilinə yol açır.

Sanskritdə “Nag” – ilahi gücə malik, çoxbaşlı qoruyucu ilan mənasını verir. Bu varlıq təkcə heyvani simvol deyil, həm də bilik, intuisiya və kosmik sabitliyin daşıyıcısıdır. Hindu ikonografiyasında Vişnu tanrısı tez-tez çoxbaşlı “Şeşa-Nag” üzərində uzanmış vəziyyətdə təsvir edilir. Bu təsvir bədənin istirahətini deyil, ruhun kosmik mərkəzdə sükut tapmasını ifadə edir. “Van” isə sanskritdə məkan, vasitə və daşıyıcı mənaları verir. Beləliklə, “Nag+van” birləşməsi – “ilahi qüvvənin dayaq tapdığı yer” kimi oxuna bilər.

Bu etimoloji və simvolik konstruksiya, Naxçıvanın yalnız fiziki deyil, həm də arxetipik bir mərkəz – ruhi və metafizik enerjilərin kəsişdiyi məkana çevrilməsi fikrini gücləndirir. Bu məkan Naq tayfasının köç yolu və yaddaş izləri ilə üst-üstə düşür. Naq tayfası öz dünyagörüşündə üçlü sistemlərə (zaman – keçmiş, indi, gələcək; məkan – x, y, z; varlıq – mikrokosmos, dünya, makrokosmos) əsaslanan simmetrik və fraktal təfəkkürə malik idi. Bu düşüncə sistemi daha sonra daşlara həkk olunaraq arxitektur formaya çevrildi.

Əcəmi Naxçıvani bu simvolik düşüncə sisteminin memarlıqdakı daşıyıcısı oldu. Onun inşa etdiyi Möminə Xatun türbəsi, Yusif Küseyiroğlu türbəsi və digər abidələr yalnız sənət əsəri deyil, həm də fraktal, həndəsi və metafizik kodların daşıyıcı sistemidir. İkili günbəz – ruh və forma, daxili və xarici varlıq arasında əlaqə qurur. Ornamentik naxışlarda təkrarlanan simmetriya – kainatın sonsuz strukturu, mərkəzdən çevrəyə yayılan kompozisiyalar isə mandala arxetipini xatırladır. Bu memarlıq yalnız baxılan deyil, oxunan və mənalandırılan mətnə çevrilir. Əcəminin yaradıcılığında həndəsə yalnız dekorativ funksiya daşımır – o, "sacred geometry" (müqəddəs həndəsə) prinsipinə əsaslanaraq, forma ilə kosmik nizam arasında əlaqə yaradır. Dairə, altıbucaqlı, spiral və fraktal strukturlar bu memarlıqda ruhun zaman və məkanda hərəkətini təcəssüm etdirir.

Xüsusilə, Möminə Xatun türbəsinin naxışları “sacred geometry” – müqəddəs həndəsə çərçivəsində təhlil edildikdə, burada sadəcə estetik deyil, həm də kosmik-fəlsəfi məna daşıyan simvolik dil ortaya çıxır. Dairələr və mərkəzdən çıxan radial simmetriya kainatın vahidliyini və yaradılışın ilahi mərkəzini ifadə edir. Altıbucaqlı və 12 bucaqlı strukturlar – hexagram və dodekagram harmoniyanın, kişi və qadın enerjilərinin birliyinin, yer və göyün qovuşmasının simvoludur. Bu formalar Nag arxetipindəki dualist və balanslı təbiətlə eyni semantik sahəni paylaşır. Eyni zamanda, naxışlarda təkrarlanan fraktal strukturlar – Naq tayfasının triadik və fraktal düşüncə sisteminin memarlıqda cisimləşmiş halıdır.

Bu kontekstdə, Nag fəlsəfəsinin "sacred geometry" ilə ifadəsi həm mifoloji məzmun, həm də riyazi-həndəsi formalar vasitəsilə kosmik ahəngin və ruhani enerjilərin struktura çevrilməsini simvolizə edir. Nagın spiralvari hərəkəti – enerji axını və kainatın dövriliyinin işarəsi olaraq, “sacred geometry”də spirallaşan fraktallarda, DNA strukturunda və qalaktik sistemlərdə təcəssüm edir. İkili (dual) balans ideyası – kişi və qadın, günəş və ay, maddə və ruh qarşılığı “sacred geometry”də hexagram, yin-yang və merkaba simvolları ilə təmsil olunur. Mandala forması isə Nagın kainat mərkəzindəki ruhani stasionarlığını və yaradılışın konsentrik strukturunu vizual formada canlandırır. Beləliklə, müqəddəs həndəsə, Nag fəlsəfəsindəki metafizik strukturların və enerjilərin vizual ifadə vasitəsi kimi çıxış edir.

Digər tərəfdən, Naxçıvan torpağında “İlanlı Dağ” adlanan yer yalnız relyefin konturu deyil, həm də yaddaşın, mifin və simvolun daşıyıcısıdır. Onun adı ilə çağırılan “ilan” obrazı sadəcə bir canlını deyil, qədim arxetiplərin gizli dilini danışır. O dil ki, Naq tayfasının fraktal düşüncəsindən süzülüb, sanskritin mistik köklərində formalaşıb, Əcəmi memarlığında daşlaşmış hikmətə çevrilmişdir.

İlan — özünü soyub yenilənən, torpağın dərinliyində sürünüb ruhun yuxarılarına doğru dirilən bir simvoldur. O, həm qorxunun, həm müdrikliyin, həm də kosmik tarazlığın nişanəsidir. “İlanlı Dağ” isə bu simvolun təbiətdəki təcəssümüdür. Bu dağda spiralvari hərəkətin – müqəddəs həndəsənin sirli ahəngi gizlidir. Dairələr, silsilələr, yüksəkliklər – hamısı bir mərkəzə dönür, bir qövsə çevrilir. Elə bil ki, torpaq özü də ikili balansın – qədim Naq təfəkkürünün bir rəsmini çəkir.

Əcəminin memarlığında gördüyümüz ikili günbəz necə daxili və xarici varlıq arasında bir qövsdürsə, İlanlı Dağ da torpaqla səma, maddə ilə ruh, keçmişlə gələcək arasında belə bir körpüdür. Bu dağ yalnız fiziki baxışla görüləcək bir yüksəklik deyil – o, ruhun yuxarıya baxışıdır, kök ilə ucalığın eyni anda mövcud olduğu bir məqamdır. Bu məqamda Nag arxetipinin ruhu, “sacred geometry”nin dili və Naxçıvanın torpaq yaddaşı birləşir.

Bu simvolik rezonans – yəni Nag arxetipinin Sanskrit kökləri ilə formalaşan mənəvi strukturu – Naq tayfasının triadik dünyagörüşü, Əcəmi Naxçıvaninin memarlıq irsindəki fraktal-həndəsi dizayn və Naxçıvan toponiminin etimoloji çoxqatlılığı ilə ortaq bir semantik oxda birləşir. Beləliklə, Naxçıvan yalnız coğrafi və tarixi məkan deyil, həm də kollektiv yaddaşın, simvolik arxetiplərin və metafizik mərkəzlərin bir növ konvergensiya (qovuşma) nöqtəsinə çevrilir. Bu qovuşma, zamanlar və mədəniyyətlər arası dialoqun vizual və konseptual olaraq mərkəzləşdiyi bir “simvolik düyün” kimi çıxış edir.

Beləliklə, Naxçıvanın bu mistik məkanı – “İlanlı Dağ” – yalnız bir toponim deyil. O, kollektiv yaddaşın fraktalı, ruhun spiralidir. O, həm yaddaşın ən dərin qatına enən bir kod, həm də yaradılışın mərkəzinə doğru uzanan bir xəttdir. O, danışmayan bir kitabdır – yalnız hiss edilə bilən, amma anlam üçün duyulmalı olan...

Əli Qədimov, müstəqil tədqiqatçı

Prime Leasing