Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) mövsüm ərzində kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə təhlükəsizliklə bağlı müraciət edib.
Yurd.Media-nın məlumatına görə, müraciətdə bildirilir ki, respublikanın əksər bölgələrində kənd təsərrüfatı işlərinin fəallaşması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayının artmasına səbəb olub.
Lakin bəzi hallarda texniki baxımdan nasaz, dövlət qeydiyyat nişanı olmayan, xarici işıq cihazları işləməyən kənd təsərrüfatı texnikalarının istifadəsi, həmçinin insanların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan, çəki və ölçü normalarını aşmaqla daşınması kimi qayda pozuntularına yol verildiyi vurğulanır. Bu cür halların ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcəyi qeyd olunur.
"Bu xüsusda qəzaların qarşısının alınması üçün aqrar sektorda çalışan, eləcə də bu sahədə yük daşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə nasaz nəqliyyat vasitələrindən istifadə etməmək, qablaşdırmanı düzgün aparmaq, sürücülərin iş və istirahət rejimini nəzarətdə saxlamaq, sərxoş, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşmələrinin qarşısını almaq tövsiyə olunur", - müraciətdə bildirilir.