Bakının Şüvəlan qəsəbəsində dənizə keçmək istəyərkən ödənişli xidmətdən istifadə edilməsi təklif olunur. Obyekt isə bildirir ki, məhdudiyyət sahilə yox, avtomobillə hərəkətə aiddir.
Yurd.Media xəbər verir ki, görüntülər Şüvəlan qəsəbəsində, dəniz kənarında fəaliyət göstərən "Yelkən" İstirahət mərkəzində qeydə alınıb. Kadrlarda giriş hissəsinin şlaqbaum və maneələrlə bağlandığı, çimərlik istiqamətində isə avtomobillərin park edildiyi görünür.
Şikayətçi Cavid Kolupayev "Xəzər Xəbər"ə bildirib ki, nəqliyyat vasitələri əraziyə buraxıldığı halda, özü avtomobili ilə sahilə yaxınlaşmaq istəyərkən keçidə icazə verilməyib.
Şikayətçi bunun təkcə bir obyektə aid olmadığını da iddia edir. Onun sözlərinə görə, eyni ərazidə fəaliyyət göstərən digər istirahət məkanlarında da oxşar qaydalar tətbiq olunur.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyi öyrənilib. Obyektin administratoru Kamal Hacıyev iddiaları qəbul etməyib. Bildirib ki, söhbət vətəndaşların sahilə girişinin yox, çimərlik ərazisində insanların təhlükəsizliyini təmin etmək üçün avtomobillərin hərəkətinin məhdudlaşdırılmasından gedir. Avtomobilin içəri girməsinə yox, sahilə tərəf hərəkət etməsinə icazə verilməyib.
Qeyd edək ki Torpaq Məcəlləsinin 46-cı maddəsində Xəzər dənizinin sahilboyu zolağında vətəndaşların dənizə gediş-gəlişinin məhdudlaşdırıla bilməyəcəyi göstərilir. Belə məhdudiyyət yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik maraqları ilə bağlı müvafiq qərar qəbul edildiyi hallarda tətbiq oluna bilər.
Hüquqşünasların sözlərinə görə, obyektlər təhlükəsizlik məqsədilə avtomobillərin hərəkətini tənzimləyə bilsələr də, bu, vətəndaşların dəniz sahilinə çıxış hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir.