Cəlilabad rayonunda bir neçə gün bundan öncə yağan leysan nəticəsində Uzuntəpə kəndində, kanal boyu ərazidə sürüşmə baş verib. Sürüşmədən sonra tarixi faktlar üzə çıxıb, qədim yaşayış məskəni aşkarlanıb.
Yurd.Media xəbər verir ki, tarixçi, araşdırmaçı Ələsgər Mirzəzadə "Report"a bildirib ki, üzə çıxan yaşayış məskəni təxmini 4-5 hektar ərazini əhatə edir:
"Nümunələrə baxanda hiss olunur ki, abidə çoxtəbəqəlidir. Çünki vaxtilə həmin ərazidən kanal çəkilib. Kanal 3-4 metr dərinlikdə qazılıb. Mədəni təbəqələr dağılıb və qarışıb. Sürüşən də kanal boyu tökülən torpaqlardır. Bunların içərisində tunc-dəmir dövrünün, orta əsrlər dövrünün artefaktları daha çoxluq təşkil edir. Əlbəttə bu mənim fikrimdir.
Əlavə araşdırmalar aparılarsa, daha dəqiq söz demək olar. Ərazidə gildən hazırlanmış keramika nümunələri (qırılmış halda), müxtəlif formalı və müxtəlif tipli küp və kuzələrin sınıqları, tikili qalıqları (gil kərpiclər), şlak - ərinti (tərkibində metalın ərintisi var), ocaq izləri, müxtəlif saxsı qabların sınıqları (fiqurlu, dar boğazlı dolça, qazan, boşqab və s.) aşkarlanıb".
Ə.Mirzəzadə qeyd edib ki, qədim yaşayış məskəni ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunub.