Azərbaycanın bölgələrində güzəştli mənzillərin satışına başlanılır.
Yurd.Media xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin satışa çıxardığı mənzillərin aylıq ödənişi 176-186 manatdan başlayır və aylıq 400-450 manatadək dəyişir.
Yeni mənzillər Hövsan, Sumqayıt, Binəqədi, eləcə də ilk dəfə olaraq ölkənin bölgələri Şirvan, Lənkəran və Yevlax yaşayış komplekslərində satışa çıxarılıb.
Müxtəlif ünvanlarda mənzil sayı fərqlidir. Belə ki, Hövsandakı yaşayış komplekslərində 1 və 7 olmaqla ümumilikdə 8 mənzil, Sumqayıtda 10 mənzil, Lənkəranda 10 mənzil, Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində 204 mənzil, Şirvan şəhərində 216 mənzil, Yevlax şəhərində 179 mənzil satışa çıxarılıb.
Ümumilikdə 627 mənzilin satışı 3 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcək.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 1, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 7, Sumqayıt Yaşayış Kompleksi üzrə 10, Lənkəran Yaşayış Kompleksi üzrə 10, Binəqədi Yaşayış Kompleksi üzrə 204, Şirvan Yaşayış Kompleksi üzrə 216, Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzil olmaqla, ümumilikdə 627 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə - 08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyi;
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 20.10.2020-ci il tarixli 30325 nömrəli müsbət rəyi;
Sumqayıt Yaşayış Kompleksi üzrə - 10.10.2022-ci il tarixli 33774 nömrəli müsbət rəyi;
Lənkəran Yaşayış Kompleksi üzrə - 25.11.2021-ci il tarixli 32210 nömrəli müsbət rəyi;
Binəqədi Yaşayış Kompleksi üzrə - 27.04.2023-cü il tarixli 35053 nömrəli müsbət rəyi;
Şirvan Yaşayış Kompleksi üzrə - 03.07.2023-cü il tarixli 35409 nömrəli müsbət rəyi;
Yevlax Yaşayış Kompleksi üzrə - 09.12.2023-cü il tarixli 36452 nömrəli müsbət rəyi mövcuddur.