SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
“Bərpaçı” müəmması: Arxiv tozuna qarışan ömürlər - FOTOREPORTAJ

“Bərpaçı” müəmması: Arxiv tozuna qarışan ömürlər - FOTOREPORTAJ

Bakı

Paytaxtın daş yaddaşını bərpa edən, tarixi abidələrə nəfəs verən bir qurumun öz yaddaşı necə silinə bilər? Şəhərin simasını qoruyan “Bərpaçı” Baş İdarəsi bu gün nəinki binaları, hətta öz işçilərinin taleyini də bərpa edə bilmir. Bir vaxtlar möhürü daşdan keçən idarənin arxivləri “yoxa çıxıb”, binası özəlləşib, yüzlərlə əməkdaşının illərlə topladığı stajı isə havadan asılı qalıb.

Söhbət paytaxtın Səbail rayonunda yerləşən, şəhərsalma, memarlıq və arxeologiya abidələrinin bərpası üzrə “Bərpaçı” Baş İdarəsindən gedir. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən bu qurumda zamanında işlər görülüb, mühüm qərarlar qəbul edilib, vacib sənədlər saxlanılıb. Açıq mənbələrə görə, qurum bütün strukturu ilə birlikdə sərəncam əsasında 2000-ci ildə ləğv edilib.

Dövlət qurumu ləğv edilərkən onun bütün sənəd bazasının tabe olduğu üst quruma və müvafiq arxiv idarələrinə təhvil verilməsi qanuni öhdəlikdir. Lakin “Bərpaçı” Baş İdarəsinin taleyi fərqli olub. Sənədlərin və arxivinin bir qismi həmin binada qalıb, bir qismi isə iddialara görə, o dövrdə baş vermiş sürüşmə nəticəsində məhv olub. Geriyə nə sənəd qalıb, nə də rəsmi iz.

Yurd.Media-nın məsələ ilə bağlı sorğusuna Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, “Bərpaçı” Baş İdarəsi ləğv olunarkən qurumun sənədləri və arxivi onlara təhvil verilməyib. Milli Arxiv İdarəsinin də cavabı eyni olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən isə bildirilib ki, həmin bina 1999-cu ildən bəri özəl mülkiyyətdir. Günümüzdə özəl mülkiyyətdən uçulub-dağılmış bina, ot-alıq, zibil basmış həyət qalıb…

Baxmayaraq ki, qurum ləğv olunub, sənədləri və arxivi itib-batıb, amma yaranmış problem günümüzdə davam edir. Belə ki, zamanında “Bərpaçı” Baş İdarəsində müxtəlif vəzifələrdə çalışan keçmiş əməkdaşların stajı bu gün dövlətin pensiya sistemində “görünməz” hala gəlib. Vətəndaşın əmək kitabçasında rəsmi möhürlər və illərlə yazılmış qeydlər olsa da, arxiv təsdiqi olmadığı üçün pensiya ala bilmir, Dövlət Sosial Müdafiə Fondu imtina verir. Dövlət qurumunda çalışıb, dövlətə işlədiyini sübut edə bilməmək — məhz bu, idarəetmənin yaratdığı sosial faciədir.

Görünən odur ki, “Bərpaçı” Baş İdarəsinin arxivləri sadəcə sürüşməyə qurban getməyib, həm də məsuliyyətsizliyin dərinliklərində batıb. İndi cavab gözləyən tək bir sual var: dövlət qurumu ləğv edilərkən onun əməkdaşlarının gələcəyi də “ləğv” edilməli idimi? Bina özəlləşib, arxivlər itib, stajlar silinib…

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları