SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bəraət almış repressiya qurbanlarının varisi: Güzəştlər dayandırıldı

Bəraət almış repressiya qurbanlarının varisi: "Güzəştlər dayandırıldı"

Sovet hakimiyyətinin Azərbaycana gəlişi ölkənin tarixində dərin və ağır izlər buraxıb. 1920-ci ildən sonra minlərlə insan siyasi baxışına, sosial mənşəyinə və fəaliyyətinə görə repressiyalara məruz qalıb. Onların arasında ziyalılar, hərbçilər, dövlət xadimləri və tanınmış nəsillərin nümayəndələri də olub. Bir çoxu Sibirə və Şimali Qazaxıstana sürgün edilib, bir qismi isə ölkəni tərk etməyə məcbur qalıb. Onların mal-mülkü dövlət tərəfindən müsadirə olunub, ailələri isə uzun illər ağır həyat şəraitində yaşayıb.

İllər sonra bu şəxslərin bir çoxuna bəraət verilsə də, onların varisləri bu gün də sosial təminat və hüquqların tam bərpa olunmadığını bildirirlər.

Yurd.Media-ya danışan Səbinə Aydarbəyova bildirib ki, o, Qarabağın tarixi simalarından biri olan Sultan bəy Sultanov nəslinin nümayəndəsidir.

Tarixi mənbələrdə Sultan bəy Sultanov Qarabağın tanınmış ictimai-siyasi və hərbi xadimlərindən biri kimi qeyd olunur. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bölgədə nüfuz sahibi olub. Mənbələrdə onun Qarabağda erməni silahlı dəstələrinə qarşı mübarizə aparan əsas simalardan biri olduğu bildirilir. Sultan bəy Sultanov həmçinin Azərbaycanın siyasi tarixində mühüm yer tutan şəxslərdən biri hesab edilir.

Açıq mənbələrdə onun sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanı tərk etdiyi, əvvəlcə İrana, daha sonra Türkiyəyə getdiyi barədə məlumatlar yer alır. Ailə isə Sultan bəyin həyatının son illəri ilə bağlı fərqli məlumatların nəsildən-nəslə ötürüldüyünü bildirir.

Səbinə xanımın sözlərinə görə, sovet repressiyaları onların ailəsindən də yan keçməyib. Yaxınları sürgün olunub, ailənin bir hissəsi uzun illər Şimali Qazaxıstanda yaşamağa məcbur qalıb. O bildirib ki, həmin dövrdə bir çox ailə üzvü soyadlarını dəyişərək yeni həyat qurmağa çalışıb.

Səbinə AydarbəyovaSəbinə Aydarbəyova

Müsahibin sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra ailəyə repressiya qurbanı ailəsi kimi müəyyən sosial dəstək göstərilib.

“2000-ci illərə qədər ailəmiz müəyyən sosial güzəştlərdən istifadə edib. Kommunal xərclərlə bağlı azadolmalarımız var idi, ictimai nəqliyyatdan ödənişsiz istifadə edirdik”, – deyə o bildirib.

Lakin onun sözlərinə görə, sonradan bu dəstək dayandırılıb.

“Sonrakı illərdə bu güzəştlər dayandırıldı. Aidiyyəti qurumlara, məhkəmələrə dəfələrlə müraciət etsək də, bu günə qədər həmin dəstəyin bərpasına nail ola bilməmişik”, – deyə müsahibimiz bildirib.

Hazırda xəstə anası ilə yaşayan Səbinə xanım qeyd edib ki, anasının pensiyasının artırılması ilə bağlı dəfələrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunsa da, heç bir nəticə əldə edilməyib.

Məsələ ilə bağlı hüquqşünas Turan Abdulzadə Yurd.Media-ya açıqlamasında bildirib ki, bu məsələ “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Onun sözlərinə görə, qanuna əsasən 1920-ci il 28 aprel tarixindən 1991-ci il 18 oktyabradək siyasi repressiyalara məruz qalmış şəxslərə və onların ailə üzvlərinə bəraət verilməsi, hüquqlarının bərpası, sosial təminat və digər hüquqi mexanizmlər nəzərdə tutulur.

Qanunvericiliyə əsasən bəraət almış şəxslərin və onların varislərinin arxiv sənədlərini əldə etmək, hüquqlarının bərpası ilə bağlı müraciət etmək və sosial təminat məsələləri üzrə aidiyyəti qurumlara müraciət etmək hüququ var.

1991-ci ildə qəbul olunmuş Prezident sərəncamında da repressiya qurbanlarına maddi, sosial-məişət və hüquqi yardım göstərilməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Bu gün bəraət almış repressiya qurbanlarının bir çox varisləri vaxtilə verilmiş sosial dəstəyin yenidən bərpasını, onların hüquqi statusuna yenidən baxılmasını və dövlət təminatlarının bərpa edilməsini gözləyirlər.

Səbinə xanımın sözlərinə görə, bu məsələ yalnız bir ailəyə aid deyil:

“Bu, təkcə bizim ailənin problemi deyil. Repressiya qurbanlarının çox sayda varisi bu vəziyyətlə üzləşir. Biz istəyirik ki, vaxtilə tanınmış hüquqlarımız yenidən bərpa olunsun və ailələrə diqqət göstərilsin.”

FOTO: Sadıq Əliverdibəyli

Səbinə Aydarbəyova
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları