SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bakının mərkəzini nağıl aləminə çevirən yarmarka - FOTOREPORTAJ

Bakının mərkəzini nağıl aləminə çevirən yarmarka - FOTOREPORTAJ

Bakı

Fəvvarələr Meydanında “Soyuq Əllər, isti ürək” qış xeyriyyə yarmarkası fəaliyyətə başlayıb.

Bakının ən sevilən qış ənənələrindən biri olan “Soyuq Əllər, isti ürək” qış xeyriyyə yarmarkası bu il də ənənəsinə sadiq qalaraq Fəvvarələr Meydanında öz qapılarını açıb.

Yurd.Media xəbər verir ki, noyabrın sonundan fəaliyyətə başlayan yarmarka ilk dəfə olaraq sirk tematikası ilə ziyarətçilərə təqdim olunur və şəhərin mərkəzini rəngarəng personajlar, musiqi, canlı şoular və xüsusi dekorlarla bəzənmiş nağıl dünyasına çevirir. Bu il yarmarka ərazisində qonaqları 60 böyük və 20 kiçik dekorativ ev, üç ədəd iki mərtəbəli restoran, xüsusi oyun tuneli, “xoxan” labirinti, iki "photo booth", müxtəlif tematik fotozonalar və sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeni konstruksiyalar qarşılayır.

2013-cü ildən “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən və artıq Bakının yeni il ənənəsinə çevrilmiş yarmarka bu il də xeyriyyə məqsədi daşıyır. Sponsorların dəstəyi və yarmarka evlərinin kirayəsindən əldə edilən bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinə yönəldilir. 

Eyni zamanda internat və uşaq evlərindən olan azyaşlılar xüsusi qonaq qismində yarmarkaya dəvət ediliblər.

Yarmarka hər gün 11:00–23:00 aralığında fəaliyyət göstərir və 8 yanvar 2026-cı il tarixinədək davam edəcək. Giriş ənənəvi olaraq ödənişsizdir. Ziyarətçilər Qərb və Şərq mətbəxinin müxtəlif təamlarını dadmaq, isti içkilərdən zövq almaq, eksklüziv əl işləri və suvenirlər əldə etmək, müxtəlif oyunlarda iştirak etmək və fotozonalarda yadda qalan xatirələr yaratmaq imkanı əldə edirlər.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing
SPE Annual Caspian