Paytaxtın Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 67/69 ünvanında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su və kanalizasiya xəttində təmir işləri aparılıb.
Yurd.Media xəbər verir ki, işlər 1 aydan artıqdır ki, başa çatsa da bu günə qədər yol örtüyünü bərpası (asfaltlanma) həyata keçirilməyib. İşlər başa çatdıqdan sonra qazılan hissə çınqıl daşla doldurulub bağlansa da son vaxtlar müşahidə olunan leysan xarakterli intensiv yağışlar nəticəsində daşların bir hissəsini su yuyaraq aparıb. Nəticədə yolun səkiyə yaxın hissəsində su xətti üzə çıxıb, çuxur genişlənməyə başlayıb.
Ərazidə yaşayan sakinlərinin sözlərinə görə yolun bu vəziyyətdə olması avtomobillərin hərəkətində çətinliklər yaradır. Bu hal piyadalar üçün də təhlükəlidir.
Həmin ərazidə digər absurd sayılacaq hal isə dayanma-durma nişanının altında qeyri-qanuni parkinq yaradılmasıdır. Küçədə "Yol hərəkət qaydaları"nın 7:30-20:00 vaxt lövhəli 3.27 nişanının (dayanmaq qadağandır) və üzbəüz səkidə Təhlükəsiz Şəhər kameralarının olmasına əhəmiyyət verilmədən parklanma həyata keçirilir. Özünü keçmiş polis kapitanı kimi təqdim edən şəxs zibillə dolu su bidonları, müxtəlif maneələr düzərək avtomobillərə yer saxlayır, nəzarət edir. Gördüyü işin müqabilində sürücülərdən 1-3 manat ödəniş tələb edir.