SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bakıda növbəti tikintilər paytaxta hansı fəsadları verəcək?

Bakıda növbəti tikintilər paytaxta hansı fəsadları verəcək?

  • 15 mart 2026, 20:06
Bakı

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda qeyd olunub ki, Bakıda 2040-cı ilədək 200 min mənzilin inşası planlaşdırılır.    

Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 min ha sahə nəzərdə tutulur ki, burada da təqribən 200 min mənzilin inşası mümkün olacaq.  

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin baş planına uyğun olaraq mütəmadi olaraq mənzil tikintisi layihələri üzrə planlaşdırma işləri təsdiq edilir və sonradan bu planlaşdırma sənədləri əsasında hazırlanmış tikinti layihələrinə tikintiyə icazələr verilir.   

Yeni mənzillərin tikilməsi Bakını yükünü daha da ağırlaşdıracaqmı?

Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, paytaxda mənzillərinin sayının artırılması vəziyyəti çətinləşdirəcək:

"Yeni 200 min mənzilin Bakıda tikilməsi bir çox problemlər yaradacaq. Hazırda Bakıda tıxaclar səbəbindən hərəkət etmək çox çətindir. 2-5 km məsafəni elə olur ki, 2 saatda qət etmək mümkündür. Bu, şəhərin ən böyük problemlərindən biridir. Digər problem isə avtomobillərin park edilməsi məsələsidir. Parkinqlər Bakıda böyük problemlərdən birinə çevrilib, avtomobillərin saxlanılması üçün uyğun yerlər yoxdur. Baxmayaraq ki, bu çıxış yolu üçün yol kənarlarında quraşdırılmış parkinqlər mövcuddur, bu yetərli deyil. Çünki parkinqlər ya yaxın ərazidə yaşayan insanlar üçün, istərsə də sürücülər üçün problem yaradır. Yolun bir kənarında parkinqlərin yaradılması avtomobillərin hərəkətinə mane olur və tıxacların yaranmasına səbəb olur”.

Onun sözlərinə görə, bundan əlavə, mənzillərdə kanalizasiya sularının problemi də mövcuddur:

"Bəzən adi yağışda kanalizasiya suları daşır, şəhəri su basır və iflic vəziyyət yaranır. Sovet dövründə çəkilmiş kanalizasiya boruları artıq suları təxliyə edə bilmir. Çünki həmin dövr üçün nəzərdə tutulmuşdu və müasir tələbləri qarşılamır. Su çox olduqda borular suyu götürə bilmir və yollar su basır. Onsuz da Bakı şəhəri həddindən artıq sıxlıq yaşayır. İnsanların sayı və yaşayış binalarının sayı çoxaldıqca, şəhərin yükü artır. Yeni mənzillərin tikilməsi bu vəziyyəti daha da ağırlaşdıracaq. Hazırda şəhərdə fasilələrlə ərazilər verilsə də, gələcəkdə bu yetərli olmayacaq. Su, elektrik və digər infrastruktura əlavə yük düşəcək”.

Ekspert qeyd edib ki, təlabatı qarşılamaq üçün düşünülmüş addımlar atılmalıdır:

"Çox yaxşı olardı ki, şəhərdə mənzil tikintisi üçün uyğun ərazilər ayrılmaqdansa, köhnə Sovet dövründə pərakəndə tikilmiş həyət evləri və istismara yararsız binalar sökülərək müasir tipli yeni binalar tikilsin.  Əks halda, yeni mənzillərin tikilməsi şəhərin yükünü daha da artıracaq və gələcəkdə bir sıra problemlərə səbəb olacaq”.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları