"Azərbaycan Kredit Bürosu" MMC-nin (AKB) yaratdığı rəqəmsal "Findoc" portalında qeydiyyatdan keçmiş istifadəçilərin sayı 150 mini keçib.
Bu barədə Yurd.Media-ya Bürodan məlumat verilib.
Portal ölkə vətəndaşlarına, habelə hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə heç yerə getmədən özləri barədə Büroda toplanılmış məlumatlara çıxış imkanı təqdim edən unikal platformadır.
Portalda qeydiyyatdan keçmiş hər bir istifadəçiyə kredit və skor hesabatını ildə 2 dəfə ödənişsiz əldə etmək imkanı təqdim edilir. Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. Müvafiq ödənişlər Portal üzərindən və nağdsız qaydada həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan əhalisinin sayı 10,25 milyon nəfərdir. Bu da o deməkdir ki, ölkədə hər 1 000 nəfərdən 15-i kredit tarixçəsi ilə maraqlanır.