Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir.
Yurd.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı vurğulayıb ki, iqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır.
"İtaliya Prezident cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir", - İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı bildirib: "Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq".
Onun sözlərinə görə, energetika sahəsində İtaliya ilə bir çox önəmli layihələr icra edilmişdir:
"Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik", - deyə dövlətimizin başçısı diqqətə çatdırıb".