"Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Azman” Mənzil Tikinti Kooperativini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində qaldırılan iddiaya görə borclu olan vətəndaş və “Azman” Mənzil Tikinti Kooperativindən müştərək qaydada cəmi 156 min manat tutularaq ABB-yə ödənilməlidir.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə iddia təmin olunub və borcun ödənilməsinin icraya yönləndirilməsi barədə qərar verilib.
Yasamal rayon İcra Şöbəsinin qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılıb və pul tələbinin könüllü icrası haqqında bildiriş borclu şirkətə və borclu olan vətəndaşa təklif olunub. Borclu bildirişi və qərarı imza etməklə qəbul edib.
Lakin icra sənədi könüllü icra olunmayıb. Bu səbəbdən icra məmuru yenidən Yasamal Rayon Məhkəməsinə müraciət edib.
Məhkəmədə borclu olan vətəndaşın əmlakı araşdırılıb. MTK tərəfindən inşa edilmiş Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin 2 saylı binasının A bloku, 5-ci mərtəbədə olan 313 nömrəli 1 otaqlı mənzilin həmin borclu vətəndaşa məxsus olması müəyyən olunub.
Bundan başqa, məhkəmə borclu vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılması barədə qərar qəbul edib.
Bu qərardan vətəndaş narazı qalıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.