SÜJET

Süni intellekt Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azərbaycan AQEM gündəliyində sahibkarlığın dəstəklənməsinin vacibliyini önə çəkir

Azərbaycan AQEM gündəliyində sahibkarlığın dəstəklənməsinin vacibliyini önə çəkir

Bakı

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi çərçivəsində inklüziv inkişafa, o cümlədən Qadınlar Şurasının yaradılmasına diqqət yetirir.

Yurd.Media xəbər verir ki, bunu təşkilatın baş katibi Kayrat Sarıbay Bakıda keçirilən AQEM-in Biznes Şurasının 8-ci plenar sessiyası zamanı bildirib.

Baş katib qeyd edib ki, qadınların hüquq və imkanlarının genişləndirilməsi təkcə ədalət məsələsi deyil, həm də davamlı inkişaf üçün strateji zərurətdir.

"AQEM Qadınlar Şurasının yaradılması institusional qarşılıqlı fəaliyyət platforması olacaq. Bundan başqa, AQEM-in məşvərət orqanları - Biznes Şurası və Gənclər Şurası arasında sinergiyanı inkişaf etdirmək də vacibdir, çünki gənclər innovasiyaların əsas mənbəyidir", - K.Sarıbay bildirib.

Onun sözlərinə görə, universitetlərin tərəfdaşlıq şəbəkəsi gənc tədqiqatçıların kiçik və orta biznesin inkişafına cəlb edilməsi üçün istifadə edilə bilər: "Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM), xüsusilə DİM 4 - Keyfiyyətli təhsil və DİM 8 - Layiqli iş və iqtisadi artım məqsədlərinə uyğundur".

K.Sarıbay vurğulayıb ki, AQEM Azərbaycanın kiçik və orta biznes (KOB), investisiya, biznes və ticarət məsələlərinə göstərdiyi diqqəti yüksək qiymətləndirir. Bununla yanaşı, o, inkişafla bağlı altı prioritet istiqamət və addımın müəyyən edildiyini vurğulayıb: KOB-un inkişafı üçün rəqəmsallaşmaya dəstək , qadın sahibkarlığının inkişafı, KOB-un "yaşıl keçid”inə dəstək, "ağıllı şəhərlər”də KOB-un rolu və dövlət stimulları, transsərhəd ticarət və elektron ticarət, KOB-un qlobal əlavə dəyər zəncirlərində iştirakı.

Baş katib üzv dövlətləri AQEM fondu çərçivəsində yeni layihələr təklif etməyə və fonda töhfə verməyə çağırıb.

"2022-ci ildə yaradılmış AQEM Fondu çərçivəsində bu yaxınlarda Mərkəzi Əfqanıstanda ilk layihəyə - Qazaxıstanın təklifi və İraqın maliyyə iştirakı ilə davamlı buğda istehsalı layihəsinə start verilib. Fond şəffaflıq, könüllülük və konsensus prinsipləri əsasında fəaliyyət göstərir", - K.Sarıbay vurğulayıb.