Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Yurd.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yenilənməsi və Auditorlar Palatasının 3-4 illik büdcəsinin müəyyən edilməsi üçün sözügedən quruma sorğu verilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, dövlət ittihamçısı məhkəmənin ötən prosesində təqsirləndirilənlər şəxslərin hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini və V.Rəhimovun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 313-ci (vəzifə saxtakarlığı) maddəsinin cinayət məsuliyyətinə cəlbetmə müddəti bitdiyi üçün xitam verilməsini təklif etmişdi.
Məlumat üçün bildirək ki, Azərbaycan Auditorlar Palatasının üç vəzifəli şəxsi xüsusilə külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Daxili araşdırma nəticəsində 2018-2023-cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən küllü miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib. Bunu nəzərə alaraq Palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib, onun araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib.
Palatanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib V.Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi G.Əhmədova və auditor F.Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinərək istintaqa cəlb edilib.
İş üzrə dəymiş ziyan 700 min manatdır.
Cinayət işi üzrə Azərbaycan Auditorlar Palatası zərərçəkmiş qismində tanınıb.