Bugün Azərbaycanın internet məkanında geniş auditoriyaya malik olan APA TV-nin efir fəaliyyətinə başlamasından 13 il ötür.
APA TV-nin baş direktoru Orxan Məmmədli Yurd.Media-ya müsaihibəsində kanalın uğurları, tamaşaçı auditoriyası və gələcək planları ilə bağlı fikirlərini bölüşüb.
TV-nin ən böyük uğurundan danışan O. Məmmədli bildirib ki, kanalın əsas qazancı sadiq tamaşaçı auditoriyasıdır:
“Düşünürəm ki, APA TV-nin çox böyük uğurları var. Amma ən böyük uğurumuz məhz sadiq auditoriyadır. Mən bunu bəyənmələrdə, şərhlərdə, mesajlarda və xüsusi yazışmalarda görürəm. Biz kabel televiziyasında da fəaliyyət göstərdiyimiz üçün artıq evlərdə bizi izləyən geniş tamaşaçı kütləsi formalaşıb. Hətta siqnal itkisi olanda tamaşaçılar bizi yayımlayan platformalara müraciət edib narazılıqlarını bildirirlər. Bu isə bizim üçün çox sevindirici göstəricidir”.

O qeyd edib ki, APA TV sosial şəbəkələrdə də yüksək baxış göstəricilərinə sahibdir:
“Facebook, YouTube, TikTok və Instagram platformalarında ümumilikdə 30–40 milyon baxış əldə edirik. Məsələn, ötən ay ümumi baxış sayımız 43 milyon olub”.
Müasir media dövründə tamaşaçı marağını qorumağın yollarından danışan O.Məmmədli obyektivlik və operativliyin əsas prinsiplər olduğunu vurğulayıb:
“Müasir media dövründə tamaşaçı marağını qorumağın ən vacib şərtlərindən biri obyektiv, düzgün və dəqiq olmaqdır. Uzun illərdir səslənən "APA verirsə, düzdür" ifadəsi də bunun göstəricisidir. Biz bu məsuliyyətə uyğun fəaliyyət göstərməyə çalışırıq”.

O bildirib ki, operativlik də tamaşaçı etimadının formalaşmasında vacib rol oynayır:
“Əgər tamaşaçı xəbəri başqa platformadan daha tez əldə edirsə, bizi izləməyə ehtiyac duymaya bilər. Amma hadisəni daha dolğun, daha dəqiq və operativ şəkildə APA TV-dən alırsa, növbəti dəfə də ilk olaraq bizim platformamıza üz tutacaq”.
APA TV rəhbəri gələcək planlardan da danışıb. O qeyd edib ki, kanal yalnız sosial media platformaları ilə məhdudlaşmır, kabel televiziyası istiqamətində fəaliyyətini genişləndirməyə davam edir:
“Hazırda müxtəlif kabel televiziya platformaları ilə əməkdaşlıq edirik və auditoriyamızı genişləndirmək istiqamətində işlər aparırıq. Dövlət qurumları və blogerlərlə birgə maraqlı layihələr həyata keçiririk. APA TV-nin hazırda 8–9 daimi verilişi var və bu proqramlarda aktual mövzular müzakirə olunur”.
Sonda isə O.Məmmədli əsas hədəflərinin daha geniş yayım imkanlarına çıxmaq olduğunu bildirib:
“Əsas məqsədimiz kabel televiziyası sərhədlərini aşaraq peyk yayımına çıxmaqdır”.
Yurd.Media saytının bütün kollektivi adından APA TV-də çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
