SÜJET
Azərbaycanın apardığı düzgün və uğurlu siyasət təkcə münaqişəni sonlandırmadı, eyni zamanda, uzun illər işğal altında qalan torpaqlarımızın geri qayıtması ilə nəticələndi. Bu illər ərzində müharibə cinayətləri törətmiş şəxslər hazırda şəffaf və açıq məhkəmə prosesinə cəlb olunublar.
Yurd.Media xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetində keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, Azərbaycanın yanaşması yalnız münaqişəni sonlandırmayıb, həm də Cənubi Qafqazda uzunmüddətli barışığın və sülhün təməlini qoyub: “Keçid ədaləti hər post-münaqişə vəziyyətində olduqca vacibdir. Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir.
Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət bərqərar olacaq. Bu, hər bir münaqişədən sonrakı prosesin əsas tərkib hissəsidir. Azərbaycan Cənubi Qafqaz regionunda beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb”.
Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan beynəlxalq prinsiplərə əsaslanaraq özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağ və Şərqi Zəngəzur artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.