Xalq şairi Ramiz Rövşən 80 yaşın astanasında özünə şeir yazıb.
Yurd.Media xəbər verir ki, bugün 79 yaşı tamam olan şairin səsləndirdiyi şeiri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşılıb:
Çatdıq, uzun ömür bu imiş demək.
Axı görə bilmir səksəni hamı
Tək bircə sənsənmi, yoxsa sənin tək
Səksənə çatanda səksənir hamı?
***
Eh, nələr görmədim bu səksən ildə
Səksəndin, dayandın, yoxsa yuxuymuş
Balalar qürbətdə, dostlar qəbirdə
Demək səksən yaşın qazancı buymuş?!
***
Bu nə bəxşiş idi, bu nə hədiyyə?
Axı niyə sənin bəxtinə düşdü?
Sənin uzun ömrün görəsən niyə
Vaxtsız gedənlərin vaxtına düşdü.
***
Ha səslə, ha çağır, kimdi hay verən,
Otur dizlərini qucaqla, ağla.
Ey bu uzun ömrü mənə pay verən,
Mən indi neyləyim, bu qocalıqda.
***
Yox, yorma özünü, illəri sayma.
Bacarsan bu səksən yaşını aldat.
Bir az qat başını cızma-qarayla,
Bir az nəvələrlə başını aldat.
***
Gözündə eynək yox, əlində əsa.
Ağlın başındadır, şükür Allaha!
Hər ömür bir dərsdir, uzun ya qısa,
Son zəngə az qalır, dərs bitir daha!
Ramiz Rövşən.
Qeyd edək ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakı şəhərinin Əmircan qəsəbəsində dünyaya gəlib.