Azərbaycan teatrşünaslıq elminin aparıcı simalarından biri olan Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə uzun illərdir teatr sənətinin elmi, estetik və tənqidi aspektləri üzrə ardıcıl fəaliyyəti ilə tanınır. Onun teatr tənqidi sahəsində formalaşdırdığı prinsipial mövqe və analitik yanaşma ölkədə teatr proseslərinin dəyərləndirilməsində mühüm rol oynayır. Yurd.Media professorla teatr tənqidinin müasir durumu, bu sahədə mövcud problemlər, tənqidin teatr mühitinə təsiri və səhnə sənətinin inkişaf perspektivləri barədə danışıb.
- Bu gün teatr və kino tənqidi faktiki olaraq mövcuddur, yoxsa sadəcə formal şəkildə var kimi göstərilir?
- Çağdaş dövrümüzdə kino tənqidilə müqayisədə teatr tənqidi daha diri, daha canlı, daha enerjili görünür. Bu da Azərbaycan teatrşünaslığının elmi-nəzəri və praktiki ənənələrilə şərtlənmiş bir faktdır. Digər tərəfdən teatrşünaslığın tənqidi təcrübəsi də yetərincə gəlişmiş bir durumdadır. Amma, təəssüf ki, teatr tənqidi öz potensial imkanlarını müasir həyatın və düşüncənin strukturu ucbatından teatr prosesinə tam tətbiq edə bilmir. Teatr tənqidi özünü formal şəkildə var kimi göstərmir. O, həqiqətən, var, di gəl ki, daha çox müşahidəçi mövqeyindədir, daim etik normaları gözləyir, ayrı-ayrı teatrlarda hökm sürən sosial-psixoloji gərginlikləri bir az da dərinləşdirmək istəmir. Çünki Azərbaycan teatrşünaslığı peşəkar teatr tənqidçisi fəaliyyətinin - beynəlxalq kodeksinin qanunları çərçivəsində davranır.
- Sizcə, hazırkı tənqid mühiti real təsir gücünə malikdir, yoxsa heç kim onu ciddiyə almır?
- Bu gün teatr tənqidində resenziyalar, sənətçi portretləri, icmal məqalələr, yəni teatr mövsümlərinin təhlilini ictimailəşdirən məqalələr aktiv yazılmasa da, tənqid mühiti, hələ ki, cüzi də olsa teatr situasiyasına müəyyən təsir göstərmək potensialındadır. Müəyyən imic formalaşdırmış Azərbaycan teatrşünaslarının fikirlərilə qismən də olsa hesablaşırlar, onların rəy və mülahizələrini gözləyirlər. Tənqidin real təsir gücünə malik olması üçünsə gərəkdir ki, müəyyən sənət sferasında onu səsləndirən, yazan adamların şəxsiyyətinə, biliyinə, ədalətinə, düzlüyünə, saf niyyətinə inansınlar, etibar eləsinlər; gərəkdir ki, tənqidi dinləyib nəticə çıxarmaq, mübahisə etmək mədəniyyəti ali səviyyədə olsun.
- Niyə cəmiyyətdə “tənqid” sözü hələ də yalnız mənfi yanaşma kimi qəbul olunur? Bu, tənqidçilərin öz səhvidirmi?
- Toplum içrə bəşər tarixi boyunca elə bir insan olmayıb ki, tənqid onun xoşuna gəlsin. Tənqidi heç kim sevmir. Nədən ki, tənqid qıcıqlandırır, əsəbiləşdirir, bir etiraz doğurur. Paradoks ondan ibarətdir ki, cəmiyyət tənqid üzərində qurulur, inkişaf edir. Hətta mən elə düşünürəm ki, tənqidin genomu təbiətdədir, ontoloji qatdadır. Çünki hər bir seçim tənqiddir, hər bir tənqid seçimdir.
Əgər sən kimisə və ya nəyisə bəyənib seçirsənsə, deməli, apriori o birini tənqid eləmiş olursan. İnsan doğuluşundan tənqidlə iç-içə yaşamağa proqramlaşdırılıb. Ona görə ki, insan daim nədənsə narazıdır. Tənqidin kökündə məhz narazılıq dayanır; tənqid narazılıqdan qaynaqlanır. Amma tənqid öz sosial, ictimai mahiyyətinə görə birmənalı şəkildə dərketmə təcrübəsidir, universal və permanent təkrarlanan situasiyadır, hadisədir, gündəlik yaşanan zehinsəl və psixoloji fəaliyyətdir; prosesdə dəyər arayan təcrübədir, fikir, zövq, mövqe mübadiləsinin əsas iştirakçısıdır; vəziyyətin fenomenal moduludur.
Dərketmə təcrübəsisə ilk növbədə təhlildir. Təhlil isə nəticə axtarışıdır. Ona görə də tənqidə neqativ münasibət mahiyyət etibarı ilə yanlışdır. Düzü, heç kim istəmir ki, onun səhvini, qüsurunu, gördüyü işin keyfiyyətsizliyini ictimailəşdirsinlər. Odur ki, tənqid repressiv olmamalıdır, ittihama çevrilməməlidir. Əlbəttə ki, tənqidə qarşı mənfi münasibətin formalaşmasında tənqidçilərin də birbaşa rolu var. Məsələ bu ki, bir sıra tənqidçilər tənqidçi etikasını pozaraq sifarişlə tənqid yazıblar, gah kimlərisə “xalq düşməni” kimi qələmə vermək məqsədilə məhvedici tənqid yazıblar, gah yaltaqcasına məqalələrində təhlil əvəzinə bəraətsiz tərif yazıblar, gah da öz şəxsi məqsədlərinə görə günəş altında özlərinə yer tapmaq, yarınmaq naminə urvatsız tənqid yazıblar. Tənqidə qarşı mənfi münasibətin, etibarsızlığın kökü buradan gəlir.

- Bu gün tənqidçilər daha çox qüsur axtarır, yoxsa obyektiv analiz aparırlar?
- Belə deyək də, hər hansı bir bədii əsərin, istər romanın, şeirin olsun, istər tamaşanın, istərsə də filmin, fərq eləməz, yüzfaizli obyektiv analizini gözləmək nonsensdir. Nədən ki, hər bir tənqidçinin mütləq şəkildə öz dünya qavrayışı, etika və estetika prioritetləri mövcuddur. Hər bir təhlil nə qədər obyektiv olsa da, anlaşılmalıdır ki, o, subyekt tərəfindən yazılır və subyektiv münasibətin işığında yazılır. Tənqid həmişə aktiv, çaparaq reaksiyadır, münasibətdir. Reaksiya, münasibət isə emosional qavrayışdan qaynaqlanır. Lakin bununla belə tənqid həm də diaqnoz olmağa iddialıdır. Bu isə dəqiqlik və obyektivlik tələb edən bir nəsnədir. Tənqidin, eləcə də diaqnozun səmərəsi, hər şeydən öncə, onların operativliyindədir. Tənqid nə tələsməlidir, nə də gecikməlidir: tənqidin qüdrəti onun vaxtına müvafiqliyindədir. Konkret Sizin sualınıza gəldikdə isə onu söyləməliyəm ki, bu gün sırf tənqidi məqalələrlə çıxış edən, mən sənətin bütün sahələrini nəzərdə tuturam, tənqidçilərin sayı hədsiz dərəcədə azdır və onlar da qüsur yox, insanın fikir və emosiyalar dünyasında bir təlatüm yaradacaq əsl bədii dəyəri olan əsər axtarırlar. Səbəb də bu ki, son vaxtlar tamaşaya baxanda görürsən ki, tamaşa kompilyasiyadır, səhnə dizaynı, musiqi, quruluş ideyası, konseptlər ordan-burdan götürülmədir. Buna artıq tənqid yox, anti-plagiat proqramı lazımdır.
- Sovet dövründə tənqid daha peşəkar idi, yoxsa sadəcə ideoloji nəzarətin aləti idi?
- Sovet dövründə, təbii ki, bir sıra tənqidçi şəxsiyyəti ilə müəyyənləşən istisnalardan savayı, tənqid ideoloji nəzarətin aləti idi. XX əsrin 30-cu illərində tənqidçilər məqalə və publik çıxışlarında çuğulluqla məşğul olub öz həyat, sənət məfkurələrini milli dəyərlər üzərində gəlişdirmiş, azad Azərbaycanı düşünən ziyalıları, istedadları “xalq düşməni” adı ilə sovet dövlətinin təhlükəsizlik orqanlarına nişan verirdilər, tənqidlə adam satırdılar. Bax, tənqid qarşısında qorxunun kökü buradadır, tənqidə mənfi münasibət də bunun təsirilə formalaşıb. O ki qaldı peşəkarlıq məsələsinə, mən bir məqamı da xüsusi vurğulamağa ehtiyac duyuram. Tənqid yaradıcılıqdır. Sən əgər etibar, inam, hörmət qazanmaq və oxunmaq istəyirsənsə, gərək tənqidi peşəkarcasına yazasan, həqiqət aradığına, təmənnasız olduğuna, bir tək milli mədəniyyətə xidmət etdiyinə resipiyentləri inandırasan. Tənqidin alfa və omeqası budur.
- Bugünkü tənqid o məktəbin səviyyəsinə çata bilirmi, yoxsa ciddi keyfiyyət fərqi var?
- Haradasa bu missiyanı boynuma götürüb, Azərbaycan teatrşünaslığı adından danışıb deyə bilərəm ki, teatr tənqidi bizim sahənin ən parlaq siması Cəfər Cəfərov ənənələrini qorumaq şərtilə, istər yazı texnikası, istərsə də tamaşanın təhlili baxımından müəyyən keyfiyyət fərqlərinə nail ola bilib.
- Rejissorların tənqidçilərdən narazılığı əsaslıdır, yoxsa bu sadəcə tənqidə dözümsüzlükdür?
- 2029-cu ildə düz 50 il tamam olacaq ki, mən teatr sənəti, Azərbaycanda teatr prosesilə bağlı respublika mətbuatına məqalələr yazıram, çoxsaylı tamaşa müzakirələrində iştirak edirəm. Mən hələ görmədim ki, hansısa bir rejissor öz tamaşasının tənqidinə müsbət reaksiya göstərsin. Və bu, mümkün də deyil, çünki rejissor teatrda, tamaşa zamanı formalaşdırdığı yaradıcı kollektiv qarşısında öz nüfuzunun aşağı düşməsinə heç cür razı ola bilməz, bununla barışa bilməz. Onlar hər hansı tənqidi qeydi qəbul etsələr belə, həməncə nəyisə bəhanə gətirib özlərinə bəraət qazandırmağa çalışacaqlar. Yekunda isə teatrın problemlərində teatrşünasları, teatr tənqidçilərini günahkar görəcəklər ki, onlar yazmırlar, təhlil eləmirlər, yol göstərmirlər. Bir dəfə mən tamaşaları ilə dünyanı fəth etmiş gürcü rejissoru Robert Sturuadan soruşdum ki, Siz tənqidə necə münasibət bəsləyirsiniz? Dedi ki, baxın, Siz məni necə görürsünüzsə, necə tanıyırsınızsa, məni eləcə tənqid yaradıb. Onun fikri mənə ləzzət elədi, çünki bundan bir qədər öncə azərbaycanlı rejissor mənə söyləmişdi ki, mən tənqidi oxumuram, mənə tənqid lazım deyil. Bircə bu fakt çox mətləbləri aydınlatmağa qabildir. Ol səbəbdən mən elə hesab eləyirəm ki, teatr mühitinin keyfiyyəti, mədəni səviyyəsi son dərəcə önəmli bir məsələdir.
- Bu gün tənqidçilər doğrudan da müstəqildirlərmi, yoxsa şəxsi münasibətlər və maraqlar onların yazılarına təsir edir?
- Bu kontekstdə mən yalnız öz adımdan danışa bilərəm: hələ indiyəcən teatr haqqında nə yazmışamsa, tam müstəqil şəkildə yazmışam, münasibətləri, maraqları nəzərə almamışam, tələbələrimə də bu prinsipiallığı aşılamağa çalışmışam. Hərçənd indi tənqidi məqalələr o qədər az yazılır ki, hər cür münasibət və maraqlar mötərizə xaricində qalır.

- Teatr və kino tənqidi bu gün qazanc gətirən sahədirmi, yoxsa sadəcə “prestij xatirinə” görülən işdir?
- Bu gün teatr və kino tənqidi qazanc gətirən sahə sayılmır. Yox, tənqiddə heç kim prestij naminə də çalışmır. Tənqid nə prestij gətirəcək ki?.. Amma tutalım, bizim “Teatrşünaslıq” kafedrasında çalışan teatr tənqidçiləri bu gün nə iş görürlərsə, onu mənəvi öhdəlik, mənəvi borc və sənətə, teatra sevgi naminə eləyirlər, qazanc və prestij onları heç düşündürmür də...
- Maddi asılılıq tənqidçilərin obyektivliyini nə dərəcədə zədələyir?
- Bütün danışdıqlarımdan sonra bu sual artıq öz aktuallığını itirmiş olur. Bəli, sovet dönəmində bu, mümkün idi və belə hallar tez-tez təkrarlanırdı. Əgər belə bir hal indi varsa da, minimal səviyyədədir.
- Jurnalistlərin yazdığı “tənqidlər” nə dərəcədə peşəkar sayılır? Bu sahədə səviyyə problemi varmı?
- Heç kəs heç kəsə deyə bilməz ki, sən bu sahədə heç nə yazma. Belə bir qanun yoxdur. Gərçi jurnalistlər, ədəbiyyatşünaslar, və hətta şairlər, yazıçılar teatr barəsində yazırlarsa, tamaşa barədə rəy bildirirlərsə, bunu alqışlamaq lazımdır. Teatrı saf niyyətlə diqqət mərkəzinə gətirən hər bir yazara mənim teatrşünas təşəkkürüm. Bir örnək göstərim Sizə. Samirə Behbudqızı. Peşə etibarı ilə teatrşünas deyil. Di gəl ki, teatr jurnalistikası ilə yüksək səviyyədə məşğul olur, teatr problemlərinin içindədir və hətta ara-sıra tamaşalar haqqında da oxunaqlı rəylər qələmə alır. Bunun nəyi pisdir ki? Başqa sahə mütəxəssislərinin teatr barədə yazmasının özü belə teatrşünaslıq üçün dəyərli təhlil materialı ola bilər, gərçi bu yazılar “dostumu tərifləyim, sağlıq söyləyim” konsepti ətrafında qurulmayıbsa...
- Bu gün özünü tənqidçi adlandıranların hamısı həqiqətən bu ada layiqdirmi?
- Nə tənqidçi var ki?.. Bir əlin barmaqları yetər ki, onları sayıb qurtarasan: çünki hər teatrşünas da teatr tənqidçisi ola bilmir. Bir də görürsən ki, bir teatrşünas bir ömür yaşayıb teatr aləmində, amma heç bir-iki tənqidi məqalə və ya resenziya da yazmayıb. Çünki tənqidçi olmaq teatrşünas olmaqdan qat-qat çətin və daha məsuliyyətlidir. Çox geniş dünya görüşünə, fundamental sənət biliklərinə, yüksək mədəniyyətə malik olmaqdan savayı şəxsi keyfiyyətlər də burada böyük önəm kəsb edir.
- Sosial şəbəkələrdə hər kəsin “tənqidçi” olması peşəkar tənqidin nüfuzunu məhv edibmi?
- Təbii ki, yox, yəni “olmayan qəvvasi-bəhri-mərifət” məsələsi. Bilən bilir ki, kim kimdir və kim nə yazır. Yenə gəlib tənqidçi şəxsiyyətinin üzərində dayandıq...
- Bu gün yazılan tənqidlər real sənətə təsir edir, yoxsa sadəcə oxunmadan unudulur?
- Biganəlik, laqeydlik mühitində heç kim heç nəyə təsir edə bilmir. Bunun da qlobal səbəbləri var. Mən yalnız birini deyəcəyəm: hamı bu günlə yaşayır və ona görə də hər şey çox tez unudulur. “Dünya bir gün, o da bu gün” konsepti yaddaşı, tarixi və əbədiliyi üfüqlərdən silir.
- Tənqidçilər bəzən yaradıcı prosesi anlamadan hökm verirmi?
- Tənqiddə hökm tənqidçi etikasının xaricindədir. Dində hökm Allahındır, cəmiyyətdə – məhkəmənin. Tənqidçi fikirlərinin sərhəddi şərh, izah, təhlillə müəyyənləşir. Bir də unutmayaq ki, tənqid fikir intensivliyidir, perfeksionist münasibət çevikliyidir. Tənqid ağlın, bədənin, duyğuların gerçəkliyə reaksiyasıdır: eyləmçi düşüncədir, eyləmçi fəlsəfədir, modelləşdirmə, nizamlama vasitəsidir, yeni ideyalara yönəlik fikirlər spektridir.
- Azərbaycanda tənqid daha çox dostluq və ya münasibətlər üzərində qurulub?
- Sənətə, ideyaya vurğun şəxsiyyətlər dostluq münasibətləri fövqündə yaşayırlar. Ədalət hissi itiriləndə tənqid də nüfuzunu itirir, tənqidçi də.
Teatr və kino tənqidinin böhranı teatr və kinonun müasir böhranından qaynaqlanır. Yəni teatr və kino sahəsində istehsal olunan məhsulun böyük əksəriyyəti öz bədii-estetik keyfiyyətinə görə çağdaş düşüncəyə, çağdaş peşəkarlıq standartlarına cavab vermir və tənqidin obyekti ola bilmir.
- Əgər bu sahəni obyektiv qiymətləndirsək, problem daha çox tənqidçilərdədir, yoxsa sənətin özündə?
- “Bumeranq effekti”ndə...