Cəfər Namiq Kamal 75 yaşını səhnədə qeyd etdi

Cəfər Namiq Kamal 75 yaşını səhnədə qeyd etdi

Azərbaycan xalq artisti Cəfər Namiq Kamal 75 illik yubileyini doğma səhnədə – Akademik Milli Dram Teatrında qeyd edib.

Yurd.Media xəbər verir ki, bu münasibətlə tamaşaçılara Qoqolun məşhur “Müfəttiş” əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub.

Sabit Rəhmanın tərcüməsində səhnələşdirilən bu iki hissəli komediyanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rejissor assistenti isə Xanımbacı Həsənovadır.

Tamaşa həm də sənətkarın benefis çıxışı olub. Cəfər Namiq Kamal tamaşada Anton Antonoviç Skvoznik obrazını canlandırıb.

Gecənin sonunda səhnə dostları və sənət adamları – əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov və sədr müavini, Xalq artisti İlham Namiq Kamal çıxış edərək yubilyarın sənət yolundan danışıblar, onu həm səhnədə, həm həyatda dəyərli insan kimi xarakterizə ediblər.

Cəfər Namiq Kamala Akademik Milli Dram Teatrının “Milli Teatr Mükafatı” və Teatr Xadimləri İttifaqının “Teatr xadimi” qızıl medalı təqdim olunub.

Qeyd edək ki, tamaşada Xalq artisti ilə yanaşı, Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Rəşad Bəxtiyarov, Kazım Həsənquliyev, Məzahir Cəlilov, habelə aktyorlar Nigar Güləhmədova, İlahə Həsənova, Məhsəti Tahirzadə, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Elxan Quliyev, Əlfida Cəfərov, Aslan Şirin, Elnur Qədirov, Ramin Şıxəliyev, Cümşüd Zeynalov və Tural İbrahimov da çıxış ediblər.