SÜJET
Azərbaycanın yeniyetmə musiqiçisi, Şəki şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbinin 6-cı sinif şagirdi, 13 yaşlı Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən "WORLD TALENT AWARD" beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə birinci yerə layiq görülüb.
Yurd.Media xəbər verir ki, Ayan bu sahədə karyeranı davam etdirməyin çox yaxşı seçim olacağını düşünür.
Oxu.az-a açıqlama verən gənc istedad uşaqlıqdan musiqiyə həvəsinin olduğunu vurğulayır, balaca vaxtından piano oyuncaqları ilə çox oynadığını söyləyib:
"Babam həmişə yolda gedəndə muğam qoşardı, onu dinləyərdim. Muğama da xüsusi marağım olub. Ümumilikdə uşaqlıqdan musiqiyə həvəsim olub. Piano oyuncaqları ilə oynayardım. Musiqinin mənim üçün çətin tərəfləri yoxdur. Mən ifa edərkən zövq alıram. Musiqi mənim üçün sanki yeni yolu açan bir açar kimidir".
O müəlliməsinə minnətdarlığını bildirir:
"Hazırkı uğurumu 3 saylı Şəki Musiqi Məktəbinin müəllimi Sevinc Cəfərovaya borcluyam. 6 il Şəki 1 saylı Regional Uşaq İncəsənət Məktəbində oxuyarkən Rusiyada da birincilik qazanmışam. Bu uğurum da Kübra müəllimin sayəsində baş tutmuşdu".