Bakıda daha bir tarixi abidə intensiv yağış sularından zərər görüb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Yurd.Media-ya bildirilib ki, son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb.
Qeyd olunub ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
Bildirilib ki, vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Qeyd edək ki, aprelin 9-da Bakının İçərişəhərində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarında aşınma baş verib.
