2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş nümunə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Yurd.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında məlumat verilib.
İclasda 4 şəhər və 15 rayon üzrə 70 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət mühafizəsində olan 10 abidənin məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub. Sözügedən məsələ ilə bağlı Şura üzvlərinin rəy və təklifləri dinlənilib, tarixi, memarlıq və arxeoloji əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.
Həmçinin, Bakı şəhəri, Yasamal rayonunda yerləşən 31 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq olunması üçün aidiyyəti üzrə təqdim olunub.