“Chainline” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində yenidən inzibati protokol tərtib edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 21 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə “Chainline” MMC barəsində törətdiyi inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin iyirmi faizi miqdarında, yəni 4,2 min ABŞ dolları məbləğində cərimə edilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı “Chainline” MMC-ni bu il bundan əvvəl iki dəfə eyni maddə ilə qanun pozuntusuna görə cərimələmişdi. Belə ki, şirkət iyulda 1790 Avro, avqustda isə 1787 Avro məbləğində cərimə edilmişdi.
“Chainline” MMC Azərbaycanda 2023-cü ildə yaradılıb. MMC-nin direktporu Roman Kolbindir.