“Chainline” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində yenidən inzibati protokol tərtib edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 8935 avro məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.
"Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə "Chainline" inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin 20 faizi miqdarında, yəni 1787 Avro məbləğində cərimə edilib.
Qeyd edək ki, MMC bundan əvvəl də cərimə olunmuşdu.
Qeyd edək ki, “Chainline” şirkəti Azərbaycanda 2023-cü ildə yaradılıb. MMC-nin direktoru Roman Kolbindir.