Qəbirlərin ətrafındakı barmaqlıqları oğurlayan dostlara hökm oxundu.
Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, oğurluq Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən qəbiristanlıqda baş verib.
Naməlum şəxslər üç qəbirin ətrafına çəkilmiş dəmir barmaqlıqlar oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər müəyyən edilərək saxlanılıb. Qəbirlərin ətrafına çəkilmiş dəmir barmaqlıqları oğurlayan Orxanla Heydər adlı iki dost olub. Onlar ilkin dindirmə zamanı əməllərini etiraf ediblər.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham elan edilib. Cinayət işinə Şirvan Şəhər Məhkəməsində hakim Ceyhun Mustafayevin sədrliyi ilə baxılıb.
Məhkəmə zamanı dostlar verilmiş ittiham üzrə özlərini təqsirli bilib. Onlar əməllərini işsizliklə izah ediblər. Dostlar maddi sıxıntı yaşadıqlarını, lakin iş tapa bilmədiklərini bu baxımdan da oğurluğa əl atdıqlarını deyiblər.
Məhkəmənin hökmü ilə Heydərə 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib və 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 ay 24 gün müddət 1 günə 3 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Orxana isə 2 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 ay 24 gün müddət bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.