Son vaxtlar paytaxt küçələrində bəzi motosiklet sürücüləri təhlükəli davranışları ilə narahatlıq doğurur.
Yurd.Media xəbər verir ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları artıb, moped və motosiklet sürücüləri bir-birinə bəhs edirmiş kimi ön təkəri qaldıraraq "şou" nümayiş etdirirlər. Bu cür hərəkətlər həm sürücülərin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atır.
"ATV Xəbər"in sujetində bəhs olunan motosiklet sürücüləri işıqforun qırmızı işığında hərəkət edir, əks istiqamətdə sürür, hətta piyada səkilərində sürətlə şütüyürlər. Onların arasında motodəbilqədən istifadə etməyənlər və ya onu düzgün taxmayanlar da var. Belə sürücülərin əksəriyyəti kuryer kimi fəaliyyət göstərən şəxslərdir.
Nəticədə, məsuliyyətsiz davranışlar yol-nəqliyyat hadisələrinin sayını artırır və ictimai narahatlıq yaradır. Sürücülər də vəziyyətdən narahat olduqlarını bildirirlər. Onlar motosiklet sürücülərinin çox yaxın məsafədən sürdüyünü, sağdan-soldan keçənləri nəzərə almadıqlarını və yola baxmadan hərəkət etdiklərini qeyd ediblər. Eyni zamanda, sürücülərin tez-tez lazımsız manevrlər etdikləri də vurğulanıb.
Ekspertlər bildirir ki, yalnız motosiklet sürücüsü deyil, sərnişin də mütləq motodəbilqə taxmalıdır. Yol hərəkəti qaydalarını pozaraq motosikletin təkərini qaldıranlar və təhlükəli manevrlər edənlər isə avtoxuliqan sayılır.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yalnız inzibati tədbirlər kifayət etmir. Onun fikrincə, maarifləndirmə işləri aparılmalı və insanlara başa salınmalıdır ki, yollar yarış meydançası deyil. Eyni zamanda, ölkəmizdə moto-idmanın inkişafı nəzərə alınaraq trek yaradılması və həvəsi olan gənclərin ora yönləndirilməsi təklif edilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, bu tip nəqliyyat vasitələrini idarə edən sürücülər təhlükəsizlik qaydalarına riayət etmədən ciddi qayda pozuntularına yol verirlər. Belə sürücülər aşkar olunduqda, İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülür.
Toğrul Nəsirlinin sözlərinə görə, bu hallarda sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılır, eyni zamanda 500 manatdan 750 manatadək cərimə edilir və ya bir il müddətinə idarəetmə hüququ məhdudlaşdırılmaqla 15 gündən 1 aya qədər inzibati həbs tətbiq olunur.
Motodəbilqə taxmadan motosiklet idarə edənlər isə İnzibati Xətalar Məcəlləsinin 329.2-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilir.